Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda narkomaniya ilə mübarizə mövzusunda növbəti maarifləndirici tədbir keçirilib

08 iyun 2026 | 12:51

Nəsimi rayonunda bəşəriyyətin bəlası olan narkomaniya ilə mübarizə mövzusunda növbəti maarifləndirici tədbir Namiq Məmmədov adına 9 nömrəli tam orta ümumtəhsil məktəbdə keçirilmişdir.

Tədbirdə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövrüyyəsinə qarşı mübarizə üzrə rayon komissiyası”nın, Bakı şəhər Narkoloji Mərkəzin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin, rayon Polis İdarəsinin, Nəsimi Bələdiyyəsinin məsul əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən QHT-lərin nümayəndələri, məktəbdə təhsil alan yuxarı sinif şagirdləri və digər aidiyyatı qurumların nümayəndələri iştirak etmişlər.

Öncə iştirakçılar məktəbin foyesində nümayiş olunan şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olmuşlar.

Tədbiri giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri, “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövrüyyəsinə qarşı mübarizə” üzrə rayon komissiyasının sədri Zahid Xəlilov çıxış edərək bildirdi ki, narkomanlıq bütün bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biridir. Müasir dövrdə narkomaniya sərhəd tanımayan beynəlxalq problemə çevrilib. Narkomaniya ilə mübarizə ümumbəşəri problem olmaqla cəmiyyətin hər bir üzvünü narahat edən məsələdir.

Çıxışını davam edən natiq bildirdi ki, Ümummilli lider Heydər Əliyevin imzaladığı, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirən "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında" 1996-cı il 26 avqust tarixli Fərman bu sosial bəlaya qarşı mübarizənin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına rəvac verdi. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə əlaqədar 2000-2006-cı, 2007-2012-ci, 2013-2018-ci, 2019-2024-cü illəri əhatə edən Dövlət Proqramları uğurla icra edilmiş, hazırda "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın icrası davam etdirilir.

Tədbirdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin baş məsləhətçisi Sevinc Rəsulova, Bakı şəhər Narkoloji Mərkəzin sosioloqu Fidan Ataxanlı, rayon Polis İdarəsinin YYÇ-la iş bölməsinin rəisi Zaur Hacızadə, Namiq Məmmədov adına 9 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru Zinyət Əhmədova çıxış edərək bildirdilər ki, narkomaniya cəmiyyətimizə və bəşəriyyətə dəyəri ölçülməyəcək qədər fəsadlar vurur. Çıxışlarda narkomaniyaya qarşı mübarizədə dövlət qurumlarının, ictimaiyyət nümayəndələrinin, pedaqoji işçilərin, valideynlərin, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının zəruriliyi vurğulanmışdır.

Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər