Nəsimi rayonunda narkomaniya ilə mübarizə mövzusunda növbəti maarifləndirici tədbir keçirilib
Nəsimi rayonunda fəaliyyət göstərən S.Poladi adına 159 saylı tam orta məktəbdə “Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır” adlı növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövrüyyəsinə qarşı mübarizə üzrə rayon komissiyası”nın, “Narkomanlığa və Narkotik Vasitələrinin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası”nın işçi qrupunun, rayon Polis İdarəsinin, Nəsimi Bələdiyyəsinin məsul əməkdaşları, Respublika Narkoloji Mərkəzin həkim narkoloqu, rayon ərazisində fəaliyyət göstərən QHT-lərin nümayəndələri, məktəbdə təhsil alan yuxarı sinif şagirdləri və digər aidiyyatı qurumların nümayəndələri iştirak etmişlər.
Tədbirdən öncə iştirakçılar məktəbin foyesində nümayiş olunan şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olmuşlar.
Tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, RİH başçısının müavini, “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövrüyyəsinə qarşı mübarizə” üzrə rayon komissiyasının sədri Zahid Xəlilov çıxış edərək bildirdi ki, narkomanlıq bütün bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biridir. Müasir dövrdə narkomaniya sərhəd tanımayan beynəlxalq problemə çevrilib. Narkomaniya ilə mübarizə ümumbəşəri problem olmaqla cəmiyyətin hər bir üzvünü narahat edən məsələdir.
Çıxışını davam edən natiq bildirdi ki, Ümummilli lider Heydər Əliyevin imzaladığı, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirən "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında" 1996-cı il 26 avqust tarixli Fərman bu sosial bəlaya qarşı mübarizənin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına rəvac verdi. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə əlaqədar 2000-2006-cı, 2007-2012-ci, 2013-2018-ci, 2019-2024-cü illəri əhatə edən Dövlət Proqramları uğurla icra edilmişdir.
Tədbirdə “Narkomanlığa və Narkotik Vasitələrinin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası”nın işçi qrupunun əməkdaşı Vasif Quliyev, Respublika Narkoloji Mərkəzin həkim narkoloqu Asif Kəngərli, “Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri” İB-nin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev, S.Poladi adına 159 saylı tam orta məktəbin direktoru Gülşən Novruzova çıxış edərək bildirdilər ki, narkomaniya cəmiyyətimizə və bəşəriyyətə dəyəri ölçülməyəcək qədər fəsadlar vurur. Çıxışlarda narkomaniyaya qarşı mübarizədə dövlət qurumlarının, ictimaiyyət nümayəndələrinin, pedaqoji işçilərin, valideynlərin, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının zəruriliyi vurğulanmışdır.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.