Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda narkomaniya ilə mübarizə mövzusunda növbəti maarifləndirici tədbir keçirilib

26 aprel 2024 | 11:19

Nəsimi rayonunda bəşəriyyətin bəlası olan narkomaniya ilə mübarizə mövzusunda növbəti maarifləndirici tədbir A.Rəhimov adına 247 saylı tam orta məktəbdə keçirilmişdir.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Zahid Xəlilov, Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Vuqar Ağayev və digər aidiyyatı qurumların nümayəndələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Nəsimi rayon Polis İdarəsinin rəisi polis polkovniki Vuqar Ağayev bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaratdığını şagirdlərin diqqətinə çatdıraraq dövlətimiz tərəfindən narkomaniyaya qarşı mübarizə sahəsində görülən işlər haqqında məlumat vermişdir. Son illər narkotik vasitələrə qarşı mübarizənin xeyli güclənməsindən, dövlət orqanlarının bu sahədəki fəallığından danışan RPİ-nin rəisi sosial bəlaya qarşı aparılan mübarizədə mütəmadi olaraq maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətini də vurğulamışdır.

Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini, “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövrüyyəsinə qarşı mübarizə” üzrə rayon komissiyasının sədri Zahid Xəlilov çıxış edərək bildirdi ki, narkomanlıq bütün bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biridir. Müasir dövrdə narkomaniya sərhəd tanımayan beynəlxalq problemə çevrilib. Narkomaniya ilə mübarizə ümumbəşəri problem olmaqla cəmiyyətin hər bir üzvünü narahat edən məsələdir.

Çıxışını davam edən natiq bildirdi ki, Ümummilli lider Heydər Əliyevin imzaladığı, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirən "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında" 1996-cı il 26 avqust tarixli Fərman bu sosial bəlaya qarşı mübarizənin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına rəvac verdi. Bundan sonra həmin Fərman əsasında 2000-ci ilə qədər olan dövr üçün narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə ümummilli proqram hazırlandı, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradıldı. 1999-cu il iyunun 18-də Milli Məclis tərəfindən "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" qanun qəbul olundu. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə əlaqədar 2000-2006-cı illər, 2007-2012-ci illər, 2013-2018-ci illəri əhatə edən Dövlət Proqramları icra edilmiş və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası uğurla həyata keçirilir.

Digər tədbir iştirakçıları çıxış edərək narkomaniya və digər zərərli vərdişlərin insan orqanizminə neqativ təsirləri və yaratdığı sosial problemlər haqqında geniş məlumat vermiş, yeniyetmələri sağlam həyat tərzi keçirməyə, təbiətdən, kitablardan, maraqlı insanlarla ünsiyyətdən zövq almağa, faydalı bilik və bacarıqlar öyrənməyə çağırış etmişlər.

Tədbirdə gənclərə narkomanlardan uzaq durmaq və cəmiyyətdə bu bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr, məsləhətlər verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.

 

Keçidlər