Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda növbəti “Abad həyət” sakinlərin istifadəsinə verilib

06 may 2024 | 12:09

Nəsimi rayonunda küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Bakı şəhər İcra Hakimiyyətinin və Nəsimi rayon İcra Hakimiyyətinin birgə layihəsi çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi ərəfəsində 500-dən artıq sakinin yaşadığı Cavadxan küçəsi 36 və H.B.Əliyev küçəsi 6 saylı, hər ikisi 4 girişli, 5 mərtəbəli binalarda və ətraf ərazidə abadlıq, quruculuq işləri başa çatdırılaraq həyət sakinlərin istifadəsinə verilib.

Hazırlanmış layihəyə uyğun olaraq Cavadxan küçəsi 36 və H.B.Əliyev küçəsi 6 saylı binaların fasadı və dam örtüyü əsaslı təmir edilib, yeni yağış suları axıdan borular və navalçalar quraşdırılıb, 8 ədəd giriş qapısı və 32 ədəd pilləkən qəfəslərinin pəncərələri dəyişdirilib. Uşaq və əlil arabaları üçün panduslar quraşdırılıb. 

Görülmüş işlər çərçivəsində binanın həyətinə 1500 kv.m-dən artıq asfalt, 650 kv.m-ə yaxın tamet daşı vurulub, 800 kv.m-ə yaxın qazon salınıb, 300 p.m yeni bardürlər qoyulub, 100 kub m-ə yaxın torpaq işləri görülüb, 250 p.m-dən artıq istinad divarı bərpa edilərək aqlay daşla üzlənib. Həyətdə zəbt olunmuş sahələr əhalinin ümumi istifadəsinə qaytarılıb, kiçik tullantılar üçün zibil qutuları qoyulub. Sahibsiz ev heyvanları üçün damlar və quş yuvaları quraşdırılıb.

Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün həyətə söhbətgah və oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb.

Abadlıq işləri aparılan ərazidəki mövcud yaşıllıqların bərpası ilə yanaşı məhəllədə yeni yaşıllıq zolağı salınıb, mövcud yaşıllıqlara və ağaclara aqrotexniki qaydada qulluq olunub, 100 ədəd şam ağacı, 1000 ədədə yaxın mövsümi çiçəklər və 450-dən artıq müxtəlif növ həmişəyaşıl kollar əkilib. Yaşıllıqların suvarılması üçün 200 p.m su xətti çəkilib, həyətdə 4 nöqtədə işıqlandırma sistemləri və 3 nöqtədə təhlükəsizlik kameraları quraşdırılıb. Avtomobillər üçün parklanma yeri yaradılıb.

Rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri əhalinin böyük razılığı ilə qarşılanır, görülən işlərə görə rayon sakinləri ölkə başçısına dərin minnətdarlıqlarını bildirirlər.

Hazırda rayonun daha bir neçə ünvanında abadlıq-quruculuq və yenidənqurma işləri aparılır.

Rayon ərazisində hər həftənin şənbə və bazar günləri müxtəlif ünvanlarda iməciliklər keçirilir, yeni ağaclar əkilir, mövcud yaşıllıqlara və ağaclara aqrotexniki qaydada qulluq edilir.

 

Keçidlər