Nəsimi rayonunda növbəti “Abad həyət” sakinlərin istifadəsinə verilib.
Nəsimi rayonunda küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə rayonda həyata keçirilən silsilə tədbirlər çərçivəsində abadlıq və quruculuq işləri istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Aparılan abadlıq və yenidənqurma işləri nəticəsində 1100-dən artıq sakinin yaşadığı Asif Məhərrəmov küçəsi 31, 33 və 33b saylı binaların əhatə etdiyi ərazidə abadlıq, quruculuq işləri başa çatdırılaraq həyət Novruz Bayramı ərəfəsində, İlaxır çərşənbə günü sakinlərin istifadəsinə verilib.
Hazırlanmış layihəyə uyğun olaraq Asif Məhərrəmov küçəsi 31 saylı binanın fasadı və dam örtüyü əsaslı təmir edilib, yeni yağış suları axıdan borular və navalçalar quraşdırılıb, 4 ədəd giriş qapısı və 16 ədəd pilləkən qəfəslərinin pəncərələri dəyişdirilib. Zirzəmidə su və kanalizasiya xətləri təmir olunmuşdur. Binanın giriş pilləkənləri aqlay daşla üzlənib. Binanın həyətində pilləkən və panduslar quraşdırılıb.
Görülmüş işlər çərçivəsində binanın həyətinə 2500 kv.m asfalt örtüyü, 700 kv.m tamet daşı vurulub, 1000 kv.m-dən artıq qazon salınıb, 500 p.m-ə yaxın yeni bardürlər qoyulub, 400 p.m-dən artıq istinad divarı tikilərək aqlay daşla üzlənib. Həyətdə zəbt olunmuş sahələr əhalinin ümumi istifadəsinə qaytarılıb, kiçik tullantılar üçün zibil qutular qoyulub. Yağış sularının axıdılması üçün xətt çəkilib. Həyətdə sahibsiz itlər üçün damlar və quş yuvaları quraşdırılıb.
Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün binanın həyətinə söhbətgah və oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb.
100 ədəd ağac və 300 ədəd mövsümi çiçəklər əkilib. Abadlıq işləri aparılan ərazidəki mövcud yaşıllıqların bərpası ilə yanaşı məhəllədə yeni yaşıllıq zolağı salınıb, mövcud yaşıllıqlara və ağaclara aqrotexniki qaydada qulluq olunub. Yaşıllıqların suvarılması üçün 250 p.m su xətti çəkilib. 100 kub metrdən artıq torpaq işləri görülüb. Həyətdə 4 nöqtədə işıqlandırma sistemləri və 6 nöqtədə təhlükəsizlik kameraları quraşdırılıb. Avtomobillər üçün parklanma yeri yaradılıb.
Rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri əhalinin böyük razılığı ilə qarşılanır, görülən işlərə görə rayon sakinləri ölkə başçısına dərin minnətdarlıqlarını bildirirlər.
Hazırda rayonun daha bir neçə ünvanında abadlıq-quruculuq və yenidənqurma işləri aparılır.
Qarşıdan gələn Novruz Bayramı münasibətilə fevral ayından başlayaraq hər həftənin şənbə və bazar günləri rayonun müxtəlif ünvanlarında iməciliklər keçirilir, yeni ağaclar əkilir, mövcud yaşıllıqlara və ağaclara aqrotexniki qaydada qulluq edilir.