Nəsimi rayonunda növbəti “Abad həyət” sakinlərin istifadəsinə verilib.
Nəsimi rayonunda küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hakimiyyətə gəlməsinin 20 illiyi münasibəti ilə rayonda həyata keçirilən silsilə tədbirlər çərçivəsində abadlıq və quruculuq işləri istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Aparılan abadlıq və yenidənqurma işləri nəticəsində 1000-ə yaxın sakinin yaşadığı Cavadxan küçəsi 30 və 34 saylı binaların əhatə etdiyi ərazidə abadlıq, quruculuq işləri başa çatdırılaraq həyət sakinlərin istifadəsinə verilib.
Hazırlanmış layihəyə uyğun olaraq Cavadxan küçəsi 30 və 34 saylı binaların fasadları və dam örtükləri əsaslı təmir edilib, yeni yağış suları axıdan borular və navalçalar quraşdırılıb, 8 ədəd giriş qapısı və 32 ədəd pilləkən qəfəslərinin pəncərələri dəyişdirilib. Binaların giriş hissələri aqlay daşla üzlənib. Ətrafda yerləşən qeyri-yaşayış obyektlərinin fasadlarında təmir işləri aparılıb.
Görülmüş işlər çərçivəsində binanın həyətinə 300 kv.m-ə yaxın tamet daşı vurulub, 1200 kv.m-dən artıq qazon salınıb, 900 p.m yeni bardürlər qoyulub. Həyətdə zəbt olunmuş sahələr əhalinin ümumi istifadəsinə qaytarılıb, kiçik tullantılar üçün zibil qutular qoyulub. Həyətdə sahibsiz ev heyvanları üçün damlar və quş yuvaları quraşdırılıb.
Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün binanın həyətinə 2 ədəd söhbətgah və 6 ədəd oturacaq qoyulub, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb.
Abadlıq işləri aparılan ərazidəki mövcud yaşıllıqların bərpası ilə yanaşı məhəllədə yeni yaşıllıq zolağı salınıb, mövcud yaşıllıqlara və ağaclara aqrotexniki qaydada qulluq olunub, 100-dən artıq ağac və 500-ə yaxın müxtəlif növ gül kolları əkilib. Yaşıllıqların suvarılması üçün 200 p.m su xətti çəkilib, həyətdə 6 nöqtədə işıqlandırma sistemləri və 4 nöqtədə təhlükəsizlik kameraları quraşdırılıb.
Rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri əhalinin böyük razılığı ilə qarşılanır, görülən işlərə görə rayon sakinləri ölkə başçısına dərin minnətdarlıqlarını bildirirlər.
Hazırda rayonun daha bir neçə ünvanında abadlıq-quruculuq və yenidənqurma işləri aparılır.
Rayon ərazisində fevral ayından başlayaraq hər həftənin şənbə və bazar günləri müxtəlif ünvanlarda iməciliklər keçirilir, yeni ağaclar əkilir, mövcud yaşıllıqlara və ağaclara aqrotexniki qaydada qulluq edilir.