Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda növbəti “Abad həyət” sakinlərin istifadəsinə verilib

25 dekabr 2024 | 13:30

Nəsimi rayonunda küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Nəsimi rayon İcra Hakimiyyətinin və Nəsimi rayon Bələdiyyəsinin birgə layihəsi çərçivəsində 700-ə yaxın sakinin yaşadığı Mirəli Qaşqay küçəsi 24 və S.Zeynalov küçəsi 22 saylı binaların əhatə etdiyi ərazidə abadlıq, quruculuq işləri başa çatdırılaraq həyət sakinlərin istifadəsinə verilib.

Hazırlanmış layihəyə uyğun olaraq Mirəli Qaşqay küçəsi 24 və S.Zeynalov küçəsi 22 saylı binaların fasadı əsaslı təmir edilib, yeni yağış suları axıdan borular və navalçalar quraşdırılıb.

Görülmüş işlər çərçivəsində binanın həyətinə 4000 kv.m-dən artıq asfalt, 350 kv.m-ə yaxın tamet daşı vurulub, 700 kv.m-ə yaxın qazon salınıb, 250 p.m yeni bardürlər qoyulub, 410 p.m-dən artıq istinad divarı bərpa edilərək aqlay daşla üzlənib. Kiçik tullantılar üçün zibil qutuları qoyulub.

Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün həyətə söhbətgah və oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb.

Abadlıq işləri aparılan ərazidəki mövcud yaşıllıqların bərpası ilə yanaşı məhəllədə yeni yaşıllıq zolağı salınıb, mövcud yaşıllıqlara və ağaclara aqrotexniki qaydada qulluq olunub, 1800 ədəddən artıq ağac və müxtəlif növ həmişəyaşıl kollar əkilib. Həyətdə 10 nöqtədə işıqlandırma sistemləri quraşdırılıb.

Rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri əhalinin böyük razılığı ilə qarşılanır, görülən işlərə görə rayon sakinləri ölkə başçısına dərin minnətdarlıqlarını bildirirlər.

Hazırda rayonun daha bir neçə ünvanında abadlıq-quruculuq və yenidənqurma işləri aparılır.

Rayon ərazisində hər həftənin şənbə və bazar günləri müxtəlif ünvanlarda iməciliklər keçirilir, yeni ağaclar əkilir, mövcud yaşıllıqlara və ağaclara aqrotexniki qaydada qulluq edilir.

Keçidlər