Nəsimi rayonunda Novruz bayramı münasibətilə “Milli-mənəvi dəyərlərimiz və sağlam cəmiyyət” adlı tədbir keçirilib.
Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Bəyaz Saray” restoranında Novruz bayramı münasibətilə “Milli-mənəvi dəyərlərimiz və sağlam cəmiyyət” adlı tədbir keçirilib.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin, YAP Nəsimi rayon təşkilatının, rayonun idarə, təşkilat və müəssisə rəhbərləri, Vətən Müharibəsi Şəhid ailələri, qazilər, QHT rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov açaraq bayram münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildirmişdir ki, Novruz bayramı Azərbaycan xalqının mənəviyyatını və onun uzaq keçmişdən varlığını əks etdirir. Bu bayram xalqımızın mədəniyyətini, milli dəyərlərini, adət-ənənəsini özündə əks etdirir və bütün dünyaya tanıtdıran qədim el bayramıdır.
Bu gün ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən mədəni-mənəvi irsimizə xüsusi diqqətlə yanaşılır, Novruz bayramının yüksək səviyyədə keçirilməsi təmin edilir. Novruz bayramı gələcəyə inam hissi aşılayır, könülləri oyadır, insanları daha xeyirxah, mərhəmətli və mehriban olmağa çağırır.
Xüsusi vurğulanmışdır ki, Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban xanımın səyləri nəticəsində xalqımızın bu əziz el bayramı da artıq UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.
Bildirilmişdir ki, 2010-cu il fevral ayının 23-də BMT Baş Məclisi 21 mart tarixini Beynəlxalq Novruz günü elan etmişdir. Bu layihə Azərbaycan dövlətinin təşəbbüsü ilə həyata keçirilmişdir. Hazırda müasir və müstəqil Azərbaycan Novruz bayramını yeni siması ilə qarşılayır. Torpaqlarımızın azad olunmasını 30 ildən artıq dövr ərzində gözləyən xalqımız nəhayət Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şücaətli ordumuzun gücü ilə buna nail oldu. İşğaldan azad edilmiş cənnət diyarımız olan Qarabağ və Şərqi Zəngəzurun abadlaşması istiqamətində görülən irimiqyaslı işlər təbiətin yeniləşməsi ilə üst-üstə düşür. Bu bölgəmizin hər tərəfində gedən yenidənqurma və abadlıq işləri bütöv Azərbaycanın əsl yüksəliş, inkişaf yolunda olduğunu bir daha göstərir. Dövlətimizin sosial və iqtisadi siyasətinin insanların həyat səviyyəsinin yaxşılaşmasına yönəlməsi isə sabaha inamı artırır. Biz qürurla deyə bilərik ki, respublikamız Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə nəinki regionun, həmdə dünyanın ən güclü dövlətlərindən birinə çevrilibdir.
Tədbirdə şəhidlərimizin xatirəsinin dövlətimiz tərəfindən hər zaman ehtiramla yad edildiyini diqqətə çatdıran Nəsimi RİH Başçısı Asif Əsgərov şəhid ailələrinin problemləri və istəkləri ilə maraqlanıb.
Şəhid ailələri və Vətən müharibəsi əlilləri Vətənimizin ərazi bütövlüyü, dövlətimizin, müstəqqiliyimizin qorunması uğrunda şəhid olmuş igid Azərbaycan övladlarının xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinə sosial qayğının göstərilməsinə görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.
Novruz bayramı Müqəddəs Ramazan ayına düşdüyündən mərasimdə rayonda fəaliyyət göstərən dini icmaların rəhbərləri tərəfindən Qurani-Kərimdən ayələr və Ramazan duaları oxunub.
Tədbir konsert proqramı ilə davam etdirilmişdir.
Bayram ərəfəsində rayon ərazisində yaşayan Vətən Müharibəsi Şəhid ailələri rayon İcra Hakimiyyətinin rəhbərliyi və məsul əməkdaşları tərəfindən ziyarət olunmuş, 200 şəhid və qazi ailəsinə, həmçinin 2000 nəfərə yaxın aztəminatlı ailələrə maddi yardım və bayram sovqatları çatdırılıb.