Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda OCEP lahiyəsi çərçivəsində Türkiyə-Azərbaycan dostluq tədbiri keçirilib.

15 fevral 2023 | 12:30

Nəsimi rayonu İlyas Əfəndiyev adına Elitar Gimnaziyada OCEP lahiyəsi çərçivəsində Türkiyə-Azərbaycan dostluq tədbiri keçirilib.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini, Türkiyənin təhsil müşaviri, Elm və Təhsil Nazirliyinin sektor müdiri, Milli Olimpiya Komitəsinin ekspert və koordinatorları və Gimnaziyanın pedaqoji kollektivi  iştirak edib. Əvvəlcə tədbir iştirakçıları Gimnaziyanın foyesində şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış oldular. Sonra 6 fevral tarixində Türkiyədə baş vermiş zəlzələ qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və Dövlət Himni səsləndirilib. Tədbiri giriş sözü ilə Elitar Gimnaziyanın direktoru Səadət Cahandarova qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən danışdı.

Nəsimi rayon İcra Hakimiyyətinin birinci müavini Gülarə Verdiyeva çıxış edərək bildirdi ki, “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondu, Avropa Olimpiya Komitəsinin maliyyə dəstəyi, həmçinin Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Bakı 2019 Avropa Gənclər Olimpiya Festivalı Əməliyyat Komitəsinin təşkilatçılığı ilə həyata keçirilir. “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı”nın əsas məqsədi Avropa Olimpiya Komitəsinə üzv ölkələrin gəncləri arasında mədəniyyət və idmanı, həmçinin Olimpiya hərəkatını təşviq etməkdən ibarətdir. Azərbaycan Respublikaasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda idmana və idmançılara hər zaman yüksək diqqət və qayğı göstərilir. Rayonun ümumi təhsil məktəblərində şagirdlərin idmana olan marağının daha da artırılması, fiziki inkişafının təmin edilməsi, asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə bir sıra tədbirlər görülür.

Natiq bildirdi ki, Azərbaycanın müstəqilliyini ilk tanıyan qardaş Türkiyə təmsil olunduğu  bütün beynəlxalq təşkilatlarda ölkəmizi dəstəkləməklə  haqq işimizin müdafiəsi üçün  bizim qədər əzmkarlıq göstərir. Rəsmi dövlət  nümayəndələrinin, eyni zamanda,    güclü diasporun   Azərbaycanın ərazi bütövlüyünün qorunması istiqamətində göstərdiyi səy qardaş dəstəyi olmaqla türk dünyasının birliyi və həmrəyli yolunda  atılan ciddi siyasi addımlar hesab edilir. Azərbaycan-Türkiyə birliyi, həmrəyliyi  bu günün, dünənin dostluğu deyil. Bu dostluq, qardaşlıq dərin köklərə, tarixə malikdir. “Bizim birliyimizdən çox şey asılıdır” söyləyən Prezident İlham Əliyev   Türkiyə-Azərbaycan dostluğunun sarsılmazlığını daim  faktlar əsasında diqqətə çatdırır.  Prezident İlham Əliyevin bildirdiyi kimi, türk dünyası böyük qüvvədir. Bu böyüklük öz möhkəmliyini və yenilməzliyini xalqların birliyi ilə  sübut edir. Türkiyə -Ermənistan sərhədlərinin açılmasını nəzərdə tutan protokolun imzalanması, eyni zamanda, ondan sonrakı mərhələdə baş verən hadisələr bütün dünya xalqlarına bəlli etdi ki, Azərbaycan-Türkiyə dostluğu, eyni kökdən qaynaqlanan xalqların əzmi yenilməzdir.

Tədbirdə çıxış edənlər- Türkiyənin təhsil müşaviri Ali Rıza Altunel, Elm və Təhsil Nazirliyinin sektor müdiri Fuad Qarayev bu cür mühüm tədbiri təşkil edənlərə öz minnətdarlığını bildirdilər.

Tədbirdə OCEP lahiyəsi üçün hazırlanmış videoçarx təqdim edilmiş və şagirdlər tərəfindən hazırlanmış ədəbi-bədii kompazisiyalar, rəqslər və müxtəlif idman növləri nümayiş olunub. Tədbirin sonunda xatirə şəkli çəkilib.

Keçidlər