Nəsimi rayonunda Peşələr Festivalı keçirilib.
Nəsimi rayonu ərazisində yerləşən “Qış parkında” “Öyrən, əylən, peşəni seç” devizi ilə Peşələr Festivalı keçirilib.
Festivalın keçirilməsində əsas məqsəd festival iştirakçılarına peşələr üzrə inkişaf yolu tapmaqda dəstək göstərmək, onların gələcəkdə əmək bazarının necə formalaşacağı və peşələr üzrə hansı bacarıqların tələb olunacağını öyrənmələrindən ibarətdir.
Festivalda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Təhsil nazirinin müavini İdris İsayev, Gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Kiçik və Orta Biznesin inkişafı agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, millət vəkilləri, dövlət və özəl qurumların nümayəndələri, yerli ekspertlər, işəgötürənlər, tələbə və gənclər iştirak ediblər. Festivalda çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri festivalda əmək bazarına qatılmaq və onlara ixtisas potensiallarını sınamaq imkanlarının yaradıldığını qeyd etdi.
Tədbirdə çıxış edənlər festivalın işinə uğurlar arzulayaraq qeyd etdilər ki, insan kapitalının inkişafı hesabına davamlı iqtisadi tərəqqinin təmin edilməsi Azərbaycan dövlətinin sosial-iqtisadi siyasətinin əsasını təşkil edir. Gənclər siyasəti də dövlət siyasətinin tərkib hissəsi olduğu üçün bu sahədə əsas istiqamətlər məhz gənclərin məşğulluğunun artırılması, gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviq edilməsi və bu vasitə ilə məşğulluğun artırılmasına dəstək olmaqdır. Əsası Ümumilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan bu siyasət bu gün Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ötən illər ərzində bu sahədə kompleks tədbirlər həyata keçirilmiş, yüksək nailiyyətlər əldə olunmuşdur. Bildirilib ki, istənilən fəaliyyətin uğurlu inkişafı ilk növbədə yüksək ixtisaslı və peşəkar kadr heyətinin mövcudluğundan asılıdır. Əmək qabiliyyətli əhalinin işsiz qalması cəmiyyətdə bir çox sosial-iqtisadi problemlərin yaranmasına səbəb olur. Odur ki, əmək qabiliyyətli əhalinin işlə təmin edilməsi Azərbaycan dövlətinin qarşısında duran mühüm vəzifələrdən biri hesab olunur.
Ölkədə əmək ehtiyatlarından səmərəli istifadə, əhalinin məşğulluq və sahibkarlıq imkanlarının genişləndirilməsi, layiqli əməyin dəstəklənməsi, işçi qüvvəsinin rəqabət qabiliyyətliliyinin artırılması və əmək məhsuldarlığının yüksəldilməsi hesabına iqtisadi inkişafın təmin edilməsi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində başlıca məqsədlər olaraq müəyyən edilmişdir.
Bu gün Azərbaycan Respublikasında mövcud demoqrafik meyillərə və inkişaf perspektivlərinə, ölkənin müəyyən olunmuş iqtisadi prioritetlərinə əsaslanmaqla səmərəli məşğulluğun təmin edilməsinə yönəldilmiş uzunmüddətli dövlət məşğulluq siyasətinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamı uğurla davam etdirilir.
“Öyrən, Əylən, Peşəni seç” devizi ilə reallaşan layihənin yeniyetmə və gənclərin müasir əmək bazarı barədə məlumatlılığı, həmçinin peşələrə marağın artırılmasında, əmək bazarının tələblərinə uyğun peşə seçimində festivalın rolunu yüksək qiymətləndirərək bu kimi tədbirlərin peşə seçimində, karyera inkişafında rolunun vacibliyini vurğulayıblar.
Layihə çərçivəsində aşpaz, dərzi, bərbər-vizajist, frontend developer, qrafik dizayner, interyer dizayner, kompüter proqram təminatı, barista, turizm agenti, elektron cihazların təmiri peşələri üzrə professional ekspertlər tərəfindən təqdimat və vorkşoplar keçirilib. Təşkilatçıların hazırladığı maraqlı və rəngarəng musiqi proqramı tədbirə rəng qatıb.
Qonaqlar festivalda təqdim olunan peşələrin stendləri ilə tanış olub, ekspertlərlə söhbət ediblər.
Festivalda iştirakçılar düzgün peşə seçimi, işçi qüvvəsinə olan tələblər, gələcəyin peşə və bacarıqlıqları barədə məlumatlandırılıb.