Nəsimi rayonunda qış mövsümünə hazırlığın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş müşavirə keçirilib.
Müşavirədə Nəsimi Rayon İcra Hakimiyyətinin rəhbərliyi və məsul əməkdaşları, rayon üzrə kommunal və təsərrüfat xidmətlərinin, bələdiyyənin, idarə və təşkilatların, təhsil və səhiyyə müəssisələrinin, özəl sektorun rəhbər şəxsləri ilə yanaşı Bakı Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları — Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Anar Tağıyev, Şəhər təsərrüfatı və mənzil fondunun uçotu şöbəsinin müdiri Məmməd Qasımov, Nəzarət və tikinti məsələləri şöbəsi müdirinin müavini Rəşid Ağayev, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehralıyev iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov payız-qış mövsümünə hazırlıqla bağlı rayonda görülmüş işlər və qarşıda duran vəzifələr haqqında geniş məlumat verib. Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti başçısının 2026-cı il 17 avqust tarixli 118 nömrəli sərəncamının icrası məqsədilə Rayon Qərargahının yaradıldığını, təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq küçə, prospekt və məhəllədaxili yolların qardan təmizlənməsi üçün texnika və işçi qüvvəsinin bölgüsünün aparıldığını, həmçinin əvvəlki illərin təcrübəsinə əsasən qış mövsümündə çətinlik yarana biləcək ünvanlara məsul şəxslərin təhkim olunduğunu bildirib.
Rayon İcra Hakimiyyətinin başçısı kommunal təsərrüfat və xidmət sahələrində, o cümlədən elektrik enerjisi, təbii qaz və istilik təchizatı istiqamətində görülən hazırlıq işlərinin qənaətbəxş olduğunu qeyd etməklə yanaşı, yağış sularının idarə olunması, kollektor və kanalizasiya xətlərinin mütəmadi təmizlənməsi, yaşayış binalarının dam örtüklərinin vəziyyətinin daim nəzarətdə saxlanılmasının vacibliyini vurğulayıb. Rayonda fəaliyyət göstərən müəssisə və təşkilatların, bələdiyyənin, özəl və ictimai-iaşə obyektlərinin rəhbərlərinə qarşıdan gələn qış mövsümü ilə əlaqədar öz ərazilərinə dair hazırlıq işlərinin bir daha nəzərdən keçirilməsi, zəruri alət, inventar və duz ehtiyatlarının tədarük edilməsi, xüsusi texnikanın hazır vəziyyətə gətirilməsi və bu istiqamətdə fəaliyyətlərin Rayon Qərargahı və Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq strukturları ilə vahid koordinasiya şəraitində əlaqələndirilməsi tövsiyə edilib.
Çıxışda həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə aparılan monitorinqlər nəticəsində 200-dən artıq qəzalı ağacın götürülərək yerində yeni həmişəyaşıl ağacların əkildiyi diqqətə çatdırılıb, intensiv qar yağıntısı və güclü küləkli hava şəraitində təhlükə yarada biləcək ağacların vaxtında budanması işlərinin sürətləndirilməsi məqsədilə aidiyyəti qurumların məsələyə daha operativ yanaşmasının vacibliyi qeyd olunub.
Müşavirədə çıxış edən Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Nizami Mayılov payız-qış mövsümünə hazırlıq işlərinin təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq əsasən başa çatdırıldığını bildirib. O, Birliyin balansında olan xüsusi təyinatlı maşın və mexanizmlərin texniki baxışdan keçirilərək saz vəziyyətə gətirildiyini, küçə, prospekt, səki və məhəllədaxili yolların qardan və buzdan təmizlənməsi üçün kifayət qədər alət, inventar, qum və duz ehtiyatlarının tədarük edildiyini diqqətə çatdırıb. Qış aylarında havaların kəskin soyuq, qarlı və şaxtalı keçəcəyi günlərdə MKTB-nin və tabeliyində olan Mənzil-Kommunal İstismar Sahələrinin gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəyini, Rayon Qərargahı ilə sıx koordinasiya şəraitində yaranan hər hansı çatışmazlığın aradan qaldırılması məqsədilə operativ tədbirlərin görüləcəyini vurğulayıb.
Nəsimi Rayon Sukanal İdarəsinin rəisi İsmayıl Müzəffərzadə çıxış edərək payız-qış mövsümünə hazırlıq çərçivəsində rayon ərazisində əhalinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunması, eləcə də tullantı və yağış sularının maneəsiz axıdılması istiqamətində həyata keçirilmiş tədbirlər barədə məlumat verib. Bildirilib ki, təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq su təchizatı və kanalizasiya şəbəkələrinə baxış keçirilib, magistral və məhəllədaxili xətlərdə yaranmış nasazlıqlar aradan qaldırılıb, yağış barmaqlıqları, kollektorlar və baxış quyuları təmizlənərək işlək vəziyyətə gətirilib. O, həmçinin əvvəlki illərin təcrübəsinə əsasən intensiv yağıntılar zamanı su yığılması riski olan küçə və prospektlərin xüsusi nəzarətə götürüldüyünü, qış mövsümündə yarana biləcək qəza hallarının operativ aradan qaldırılması məqsədilə növbətçilik qrafikinin təşkil olunduğunu, zəruri mal-material ehtiyatlarının yaradıldığını və xüsusi təyinatlı texnikanın hazır vəziyyətdə saxlanıldığını diqqətə çatdırıb.
Müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri — Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehralıyev, Şəhər təsərrüfatı və mənzil fondunun uçotu şöbəsinin müdiri Məmməd Qasımov və Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Anar Tağıyev çıxış edərək BŞİH-nin müvafiq struktur bölmələri ilə rayonun kommunal xidmətləri arasında qarşılıqlı əməkdaşlığın vacibliyini diqqətə çatdırıb, qarlı-şaxtalı və intensiv yağıntılı günlərdə şəhər təsərrüfatının fasiləsiz fəaliyyətinin təmin olunması, mövcud texnika və işçi qüvvəsindən səmərəli istifadə edilməsinin zəruriliyini vurğulayıblar.
Sonda müşavirə iştirakçılarının qaldırdıqları suallar cavablandırılıb, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.






