Nəsimi rayonunda Qurban Bayramı münasibətilə Vətən müharibəsi şəhid ailələri ziyarət olunub.
Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayondakı idarə və təşkilatlar, iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən müqəddəs Qurban bayramı ərəfəsində sosial aksiya həyata keçirildi.
Rayon ərazisində yaşayan Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon təşkilatının üzvlərinə, Vətən müharibəsi əlillərinə, 20 Yanvar, Çernobl əlilləri rayon ərazisində fəaliyyət göstərən digər ictimai birliklərin üzvlərinə, sosial qayğıya ehtiyacı olan rayon sakinlərinə, bütövlükdə 2000-dən artıq ailəyə qurban payları verildi.
Həmçinin rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, RİH-nin məsul əməkdaşları, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinin rəisi Namiq Hüseynov tərəfindən rayon ərazisində yaşayan Vətən müharibəsi şəhidi ailələri ziyarət edilib, onlara qurban payları, ərzaq bağlamaları və maddi vəsait təqdim olunub.
Rayon sakinləri dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmalarına və müqəddəs Qurban bayramı ərəfəsində onlara göstərilən sosial dəstəyə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.