Nəsimi rayonunda Ramazan və Novruz bayramları münasibətilə tədbir keçirilib.
İslam dünyasının şəfqət və mərhəmət ayı olan müqəddəs Ramazan ayında iftar süfrələrinin açılması ölkəmizdə xoş bir ənənəyə çevrilib. Bu il Ramazan ayının xalqımızın qədim bayramı olan Novruz ilə eyni vaxta təsadüf etməsi tədbirə ikiqat bayram əhval-ruhiyyəsi qatıb.
«NİAQARA» restoranında keçirilən mərasimdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, Nəsimi rayon Ağsaqqallar Şurasının sədri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb.
Tədbirdə Azərbaycanda mövcud olan nümunəvi dövlət-din münasibətlərinin, sarsılmaz birliyinin və tolerantlıq mühitinin təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğu qeyd edilib. Bu gün həmin uzaqgörən siyasətin Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirildiyi xüsusi vurğulanıb.
Qeyd edilib ki, milli-mənəvi dəyərlərimizin təbliği və qorunmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti əvəzsizdir. Onun rəhbərliyi ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr sayəsində bu gün Azərbaycan mədəniyyəti, dini abidələrimiz və azərbaycançılıq məfkurəsi bütün dünyada yüksək səviyyədə tanıdılır. Fondun yarandığı gündən bu yana xeyriyyəçilik ənənələrini yaşatması, kimsəsizlərə və ehtiyacı olanlara göstərdiyi diqqət məhz Ramazan ayının fəlsəfəsi ilə tam üst-üstə düşür.
İftar mərasimi Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə davam edib.
Tədbirin sonunda Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları ilə görüşərək onları maraqlandıran sualları cavablandırıb.






