Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda “Sahibkarlıq subyektləri ilə istehlakçı hüquqlarının müdafiəsi” mövzusunda tədbir keçirilib

21 may 2025 | 15:07

Nəsimi rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin, Nəsimi rayon İcra Hakimiyyətinin və Bakı Şəhər Ticarət və Xidmət Departamentinin  birgə təşkilatçılığı ilə “Sahibkarlıq subyektləri ilə istehlakçı hüquqlarının müdafiəsi” mövzusunda tədbir keçirilib.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, RİH başçısının müavini Zahid Xəlilov, Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı, Agentliyin İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri Elşən Cəfərov, Bakı Şəhər Ticarət və Xidmət Departamentinin əməkdaşları və rayon ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin nümayəndələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, RİH başçısının müavini Zahid Xəlilov bildirmişdir ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə əsasən yerli icra hakimiyyəti orqanlarının istehlakçıların hüquqlarının müdafiəsi sahəsi üzrə bir sıra hüquq və vəzifələr müəyyənləşdirilmişdir.

Ölkəmizin sürətli iqtisadi inkişafı və istehlak bazarının günü-gündən genişlənməsi, istehlakçıların hüquqlarının müdafiəsi sahəsində maarifləndirmə və təbliğat-təşviqat işlərinin gücləndirilməsini zəruri edir.

Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı və Agentliyin İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri Elşən Cəfərov çıxış edərək qeyd etmişlər ki, Agentlik tərəfindən istehlakçıların maarifləndirilməsi ilə yanaşı, onların maraq və mənafelərinin qanunvericiliyə uyğun olaraq sahibkarlarla uzlaşdırılması məqsədilə sahibkarlarla mütəmadi görüşlər keçirilərək nəticələri barədə ictimaiyyət nümayəndələri məlumatlandırılır, həmçinin sahibkarların fəaliyyətlərində mövcud pozuntuların aradan qaldırılmasına və gələcəkdə belə halların təkrarlanmamasına dair onlara müvafiq tövsiyyələr verilir.

Tədbirdə sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub, fəaliyyətlərinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması və müştəri məmnuniyyətinin təmin olunması istiqamətində tövsiyələr verilib, qaldırdıqları suallar cavablandırılmışdır.

 

Keçidlər