Nəsimi rayonunda sakinlər səyyar qəbulda müraciətlər etdilər
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmiş, sakinlərin müraciətləri dinlənilmişdir. 4-cü mikrorayon, o cümlədən H.Seyidzadə, A.Məhərrəmov, Kazımovski küçələri, Moskva pr. ərazilərində yaşayan sakinlər rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş səyyar qəbulda iştirak etmişlər.
Sakinlərdən Vəliyev Ələsgər, Əliyeva Arifə, Orucov Natiq, Məmmədli Nail, Balakişiyev Əli, Tamadanov Kəblixan, Əzimov Pərvin, Nəcəfov Elman, Fətullayev Anar və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən həyətin abadlaşdırılması, dam örtüyünün və zirzəmi sahələrinin təmiri, kanalizasiya xəttinin yenidənqurulması, asfalt örtüyünün təmiri, mövcud obyektin sənədləşdirilməsi, basketbol lövhəsinin təmiri, mənzil növbəsinə götürülmə, iş ilə təmin olunma, söhbətgahın ətrafının bağlanması barədə müraciətlər etmiş, təkliflər irəli sürmüşlər.
Qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizin daha da qüdrətlənməsi, vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar qeyd olunmuşdur. Sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.