Nəsimi rayonunda “Şuşa ili” ilə əlaqədar silsilə tədbirlər davam edir.
Nəsimi rayonu Ağabəy Novruzov adına 46 nömrəli tam orta məktəbdə “Şuşa ili”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri, qazilər və pedaqoji işçilər iştirak edib.
Əvvəlcə Azərbaycan Rerpublikasının dövlət himni səsləndirilib. Azərbaycanın müstəqilliyi, torpaqlarımızın müdafiəsi yolunda, Vətən uğrunda canını fəda edən bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Sevinc Budaqova açaraq qonaqları salamlamış, tədbirin əhəmiyyətindən danışdı.
Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək bildirdi ki, təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır. Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır. Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilmişdir. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət almış, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır.
Haqq işi naminə apardığımız 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdi. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olundu.
Şuşa zəfərindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılmış, quruculuq işlərinin təşkilində çevikliyin, səmərəliliyin təmin olunması üçün burada dövlət idarəetməsinə böyük diqqət yetirilmiş, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradılmışdır.
Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir.
Sonra şəhid İsmayıl Kərimlinin atası Ceyhun Kərimov çıxışında bu cür tədbirlərin gənclrərin vətənpərvərlik tərbiyəsinə çox müsbət təsiri olduğunu bildirmişdir.
Şagirdlərin ifasında vətənə aid şer, mahnı və kompazisiyalar tədbir iştirakçılarına təqdim olunmuşdu.
Tədbirin sonunda xatirə şəkili çəkilmişdi.