Nəsimi rayonunda "Suveren Azərbaycanın Sülhə Doğru Uzanan Hüquq Yolu" adlı tədbir keçirilib
Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Abdulla Rəhimov adına 247 nömrəli tam orta məktəbdə "Suveren Azərbaycanın Sülhə Doğru Uzanan Hüquq Yolu" adlı tədbir keçirilib.
Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan Dövlətinin qurucusu Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət Himni səsləndirilib.
Tədbiri açılış nitqi ilə açan məktəbin direktoru Sitarə Abbasova çıxışında hüquqi islahatların əhəmiyyətindən, hüquqi savadlılığın cəmiyyətin inkişafında oynadığı roldan və bu istiqamətdə görülən işlərin vacibliyindən söz açıb.
Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva nəzərə çatdırıb ki, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesində insan hüquqları məsələsinin sağlam prinsiplərdə formalaşan əsası qoyulmuşdur. Hal-hazırda da cənab İlham Əliyevin uzaqgörənliyi ilə uşaqların rifahı, onların hüquqlarının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilən sosial layihələr uşaq hüquqlarının qorunmasında mühüm rol oynayır və bu sahədə ictimai məsuliyyətin artırılmasına xidmət edir. Onun təşəbbüsü ilə reallaşdırılan regional inkişaf proqramları, xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən diqqət Azərbaycan cəmiyyətində humanizmin təcəssümüdür.
Nəsimi rayon Polis İdarəsinin "Yetkinlik yaşına çatmayanlarla profilaktiki işinin təşkili" bölməsinin rəisi Zaur Hacızadə gənclərin hüquqlarının müdafiəsi, sağlam cəmiyyətin formalaşmasında ailə dəyərlərinin rolu, gənclərin öz hüquq və azadlıqları haqqında məlumatların öyrənilməsində maarifləndirmə metodlarının əhəmiyyətindən danışıb.
Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Sənan Hüseynov çıxışında bu ilin avqustunda Amerika Birləşmiş Ştatlarında imzalanan sülh müqaviləsinin müasir tariximizdə yeri və rolundan bəhs edib. Qeyd edib ki, məhz bu görüş suveren Azərbaycan gəncliyinin sağlam və hüquqi inkişafına verilən böyük dəyərin rəmzi nümunəsidir.
Abdulla Rəhimov adına 247 nömrəli tam orta məktəbin tarix müəllimi Pərvin Kərimova çıxışında konstitusiyanın qəbulunun 30 illiyi, onun vətəndaş hüquq və azadlıqlarının təmin edilməsində rolu, qanunun aliliyi prinsipləri barədə danışmışdır. Vurğulamışdır ki, şagirdlərə suverenliyin qorunmasının və dövlətçiliyin möhkəmləndirilməsinin vacibliyi, Vətən müharibəsində əldə olunan qələbənin aşılanması pedaqoji heyətin üzərinə düşən mühüm missiyalardan biridir.
Görüşün sonunda iştirakçılar təşkilatçılara belə bir vacib və aktual mövzuda tədbir keçirdiklərinə görə təşəkkürlərini bildiriblər.






