Nəsimi rayonunda Ulu Öndər, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Nizami Kino Mərkəzində Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümumimillil Lideri, Ulu Öndər, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin, YAP Nəsimi rayon təşkilatının rəhbərliyi, rayondan seçilmiş millət vəkilləri, səhiyyə, təhsil müəssisələrinin, rayonun idarə və təşkilatların rəhbərləri, şəhid ailələri, müharibə əlilləri, QHT-lərin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və rayon gəncləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov açaraq bildirdi ki, xalqların və ölkələrin tərəqqisinin əsasında şəxsiyyətlərin və onların ideyalarının dayanması hamılıqla qəbul olunan həqiqətlərdən sayılır. Hamılıqla qəbul olunan milli ideya və eyni ilə də hamı tərəfindən etiraf olunan milli lider tarixin bütün dövrlərində inkişafı yaradan fundamental əsas rolunda çıxış edib və bu gün də çıxış etməkdədir. Öz əməli, missiyası ilə tarixdə silinməz izlər qoymuş şəxsiyyətlər azdır. Amma hər bir xalqın, millətin təkamül tarixində belə şəxsiyyətlər olub və olacaqdır. Bunlardan kənarda əhəmiyyətli inkişaf nümunəsinə rast gəlmək mümkün deyildir. Azərbaycan xalqı da fəxr edə bilər ki, onun XX əsrin son 30 ilinə və XXI əsrin əvvəlinə təsadüf edən tarixi və taleyi dahi şəxsiyyət Heydər Əliyevin adı və yaratdığı ideyalarla birbaşa bağlıdır. Vətənimiz üçün kifayət qədər mürəkkəb və keşməkeşli bir dönəmdə xalqına arxa olan ulu öndər Heydər Əliyev Azərbaycanın inkişaf tarixində silinməz izlər qoymuşdur.
Heydər Əliyevin Azərbaycanın siyasi səhnəsinin birinci şəxsi kimi fəaliyyətə başlaması və onun ölkə həyatına gətirdiyi əzəmətli inkişaf tendensiyası dahi şəxsiyyətlərin tarixin gedişində həlledici rol oynadıqlarını sübuta yetirmək üçün ən tutarlı nümunədir.
Azərbaycanın və Azərbaycan xalqının taleyində Heydər Əliyevin xilaskarlıq və quruculuq missiyası özünün ifadəsini təkcə onun Azərbaycana uzun müddət rəhbərlik etməsində deyil, bəlkə də bundan daha çox bu rəhbərliyin kifayət qədər zəngin və dolğun məzmuna malik olmasında tapır.
Milli qüruru yüksəldən, milli şüuru və milli ruhu zənginləşdirən özünəqayıdış prosesi Heydər Əliyevin çoxşaxəli fəaliyyəti, diqqəti və təşəbbüskarlığı sayəsində reallığa çevrilmişdir.
Heydər Əliyevin missiyası yalnız Azərbaycan dövlətinin dayaqlarının möhkəmləndirilməsi, müstəqilliyin inkişafı və dövlətçilik tariximizin müasir mərhələsinin sürəkliliyinin təmin edilməsi kimi şərəfli bir vəzifəni yerinə yetirməklə məhdudlaşmadı. O, müstəqil Azərbaycan dövlətinin yaradılması konsepsiyasını həyata keçirdi, eyni zamanda Azərbaycan vətəndaşlarını birləşdirən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram uğrunda səfərbər edən milli təlim –“azərbaycançılıq” ideologiyasını da yaratdı. Beləliklə, “azərbaycançılıq” idealogiyası etnik yox, siyasi və vətəndaşlıq xarakteri daşıdı, yalnız müstəqil Azərbaycanın vətəndaşlarına münasibətdə deyil, Azərbaycanın müstəqil dövlətçilik ideyasını əziz tutanlara münasibətdə də öz birləşdirici funksiyasını yerinə yetirdi.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, beynəlxalq birlikdəki yerini möhkəmləndirməsi, söz sahibinə çevrilməsi dünya miqyasında qəbuledilən reallıqdır. Qəti əminliklə deyə bilərik ki, dünyanın ən mötəbər beynəlxalq təşkilatlarının üzvü olan Azərbaycanda əldə edilən bu uğurlar dövlətimizin apardığı düzgün siyasət və xalqımızın zəhməti, əzmi, iradəsi hesabına qazanılmışdır.
Bu gün Prezident İlham Əliyevin gördüyü işlərin zirvəsində ərazi bütövlüyümüzü bərpa etməklə Ata vəsiyyətini yerinə yetirməsi dayanır. Ulu öndər xalqa müraciətlərinin birində axıra çatdıra bilmədiyi işlərin Prezident İlham Əliyevin xalqın dəstəyi ilə həyata keçirəcəyinə böyük inamını ifadə etmişdi. Ulu öndər “Ona özüm qədər inanıram” söyləməklə gələcək inkişafın aydın mənzərəsini təqdim etmişdi. Prezident İlham Əliyev bu müddət ərzində torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq işləri çərçivəsində bütün zəruri addımların atılmasına nail oldu. Azərbaycanın iqtisadi imkanları daha da genişləndi. Beynəlxalq münasibətlər sistemində rolu artdı. Münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdı. Ordu quruculuğu prioritet sahə kimi öndə oldu. Dövlətimizin qətiyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi sayəsində ulu öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir oldu.
Ölkəmizin inkişafında, eləcə də Vətən müharibəsi dönəmində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna rolu, həmçinin, Heydər Əliyev Fondunun fəaliyyətinin əhəmiyyəti danılmazdır.
Xalqımız tam əmindir ki, möhtərəm Prezidentimizin dərin zəkası, xalqımıza olan sevgisi və ordumuzun gücü, möhkəm hüquqi bazaya əsaslanan diplomatik qələbəmiz nəticəsində soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, Azərbaycanın həyatında yeni dövr başlayacaqdır.
Böyük Qayıdışın Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səyləri nəticəsində möhtəşəm, parlaq olacağına əminik.
Azərbaycan tarixi zəfərimizin fonunda gələcəyə doğru böyük inamla addımlayır. Və bu bir daha onu göstərir ki, Heydər Əliyevin dövlətçilik ideyaları yaşayır və nə qədər ki Azərbaycan xalqı və dövləti vardır, Heydər Əliyevin parlaq xatirəsi də bir o qədər yaşayacaqdır.
Sonra Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibəti ilə keçirilən Bakı şəhəri üzrə “Şahinlər” hərbi - idman oyunlarında III yeri tutmuş rayon məktəblilərindən ibarət komandanın üzvləri səhnəyə dəvət edildilər. Onlara Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov tərəfindən hədiyyələr təqdim olundu.
Tədbirin bəddi hissəsində şair Zahid Əzizin Ulu Öndər Heydər Əliyevə həsr edilmiş şeiri tamaşaçılara təqdim olundu və Respublikanın xalq artisti İlqar Muradov tərəfindən mahnılar ifa olundu.