Nəsimi rayonunda Ulu öndər Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib
Nəsimi rayonunda yerləşən Kliniki Tibbi Mərkəzdə Ulu öndər Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, YAP Nəsimi rayon təşkilatının rəhbərliyi və səhiyyə işçiləri iştirak edib.
Əvvəlcə tədbir iştirakçıları müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqə sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan Kliniki Tibbi Mərkəzin Baş həkimi Hüseyn Məsimov bildirdi ki, Ümummilli liderin ölkə rəhbərliyinə qayıdışından dərhal sonra onun həyata keçirməyə başladığı islahatlar tibb sahəsində də öz bəhrəsini verdi, səhiyyənin səmərəsinin yüklədilməsi və intensivləşdirilməsi üçün baza yaradıldı, beynəlxalq əlaqələr genişləndirildi.
Sonra Kliniki Tibbi Mərkəzin Baş həkiminin müavini Məhəbbət İbrahimova bildirdi ki, bu gün Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunur. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzindədir.
Tədbirdə çıxış edənlər - Nəsimi rayon İcra Hakimiyyəti Başısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi Nuru Əhmədov, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov bildirdilər ki, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasət kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait ildən-ilə artırılır. Bu da tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açır. Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlar göstərir ki, milli səhiyyə sistemimiz sürətlə müasirləşir, vətəndaşlarımız dövlətin yaratdığı tibb xidmətlərindən yüksək səviyyədə yararlanır. Səhiyyə sistemində aparılan islahatlar vətəndaşların sağlamlığının etibarlı təminatına xidmət edir. Azərbaycan səhiyyəsinə göstərilən bu diqqət və qayğı içərisində tibb işçiləri peşə bayramlarını qeyd edirlər.
Tədbirin sonunda Ulu öndər Heydər Əliyevə həsr olunmuş video çarx nümayiş olunmuşdur.