Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevin 100 illiyi çərçivəsində 26 İyun Silahlı Qüvvələr günü və Milli dəyərlərimizə həsr olunmuş ümumrayon tədbiri keçirilib.
Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində yerləşən "NİAQARA" şadlıq sarayında rayon İcra Hakimiyyətinin, YAP Nəsimi rayon təşkilatının, rayonun inzibati orqanlarının rəhbərlərinin, rayon ictimaiyyətinin, rayonda fəaliyyət göstərən dini icma nümayəndələrinin, Vətən Müharibəsi Şəhid ailələrinin, qazilər və QHT rəhbərlərinin iştirakı ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyi çərçivəsində 26 İyun Silahlı Qüvvələr günü və Milli dəyərlərimizə həsr olunmuş ümumrayon tədbiri keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov 26 İyun Silahlı Qüvvələr günü və Qurban bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edərək, ölkəmizdə sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın Ulu Öndər Heydər Əliyev tərəfindən təməlinin qoyulduğunu bildirmiş, bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulamışdır.
Natiq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın azərbaycançılıq naminə, milli, mənəvi irsimizin qorunması istiqamətində, ölkə daxilində və xaricində uğurlu fəaliyyətini xüsusi qeyd edərək, milli-mənəvi dəyərlərimizə göstərilən dövlət qayğısı barədə ətraflı məlumat verdi. Bildirdi ki, Ümumilli Lider, Ulu öndər Heydər Əliyevin adını daşıyan Fond yarandığı vaxtdan bu günə kimi milli-mənəvi dəyərlərimizin qorunmasına xüsusi önəm verir.
Qeyd olundu ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi qələbə qazandı, ədalət bərqərar oldu.
Çıxışına davam edən Asif Əsgərov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda övladlarını itirən ailələrə öz ehtiramını bildirərək, Şəhidlərimiz kimi, onların analarının, ailələrinin də hər kəs üçün çox dəyərli olduqlarını diqqətə çatdırdı. Qeyd olundu ki, adları Azərbaycan tarixinə qəhrəman kimi düşən şəhidlərimiz gənclərimiz üçün ən gözəl örnəkdir. Bütün sahələrdə olduğu kimi ordumuzun günü-gündən möhkəmlənməsi istiqamətində də möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən Ümummilli Liderimiz Heydər Əliyevin siyasəti uğurla davam etdirilir. Xüsusi vurğulandı ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi imkanları günü–gündən genişlənir.
Tədbirdə Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik edərək, onlara xoş arzularını söylədi.
Tədbirdə digər çıxış edənlər – Şəhid anası Alimə Cəfərova və qazilər Azərbaycanın bu günkü sabitliyi, inkişafı və qüdrətlənməsi yolunda yorulmadan çalışan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdiər.
Tədbirin bədii hissəsində tanınmış incəsənət ustalarının ifaları dinlənilib.
Sonda xatirə şəkili çəkilib.