Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

02 may 2024 | 16:00

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının Tədbirlər Planına uyğun olaraq may ayının 2-də YAP Nəsimi rayon təşkilatı tədbir keçirib.

Tədbir Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Sonra Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş video-çarx nümayiş etdirildi.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov ümummilli lider Heydər Əliyevin Prezident seçilməsi ilə müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsasının qoyulduğunu qeyd etdi. Qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi olan ulu öndər Heydər Əliyev realist bir insan kimi hadisələrə praqmatik yanaşır, tarixi şəraitdən düzgün baş çıxarır, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. Bu gün ölkəmizdə Ümummilli Liderin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilməsi nəticəsində, Azərbaycan inkişaf edir. Prezident İlham Əliyev cənablarının son 21 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olması ilə nəticələndi. Mükəmməl texnologiyamız, döyüş ruhumuzun yüksəkliyi, xalq-iqtidar birliyi, həmrəylik Azərbaycanın qalib dövlət kimi adını tarixə yazdı.

YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili Sadiq Qurbanov vurğuladı ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın həyatında yeni dövlətçilik təfəkkürünün əsası qoyuldu: " Heydər Əliyevin dahiyanə zəkası, kompleks siyasət yeritməsi, müdrik siyasət fəlsəfəsi düşüncələrə hakim kəsilmişdir. Ümummilli lider Heydər Əliyevin dövlətçilik təfəkkürü tarixi şüura əsaslanır. " Heydər Əliyevin azərbaycançılıq təliminin tarixi-siyasi prinsiplərinin elmi şəkildə tədqiq edilməsinin vacibliyini vurğulayan millət vəkili bildirib ki, millilik, dövlətçilik, müstəqillik və dünyəvilik görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik ideologiyasının əsaslarını təşkil edib. Heydər Əliyevin azərbaycançılıq təlimi müstəqil dövlətçilik ideologiyası olmaqla bərabər, dövlət müstəqilliyimizin ideya-siyasi istiqamətini bəyan edir. Azərbaycan dili, xalqı və müstəqil Azərbaycan dövlətçiliyi anlayışlarından hər biri Heydər Əliyev tərəfindən müəyyən edilmiş azərbaycançılıq ideologiyasının əsas atributlarıdır. Heydər Əliyevin Azərbaycan dili və Azərbaycan xalqı təlimi ölkəmizdə ümummilli birlik və həmrəylik yaratmağın nümunəsidir. Ulu Öndər Heydər Əliyevin kəşf etdiyi azərbaycançılıq ideologiyası sözün əsl mənasında mükəmməl bir milli birlik platformasıdır.

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli Ulu Öndərin dövlət quruculuğu sahəsindəki xidmətlərindən danışdaraq bildirdi ki, məhz Heydər Əliyevin Azərbaycana yenidən rəhbərliyindən sonra ölkəmiz demokratiya, hüquqi dövlət quruculuğu yolu ilə irəlilədi, xalq birliyi yarandı. G.Gəraybəyli ümummilli liderimiz Heydər Əliyevin dövlətçiliyimiz sahəsində gördüyü işlərdən danışaraq, onun dövlətçilik salnaməmizə yazdığı səhifələri bir daha diqqətə çatdırdı. Heydər Əliyev dövlət idarəçilik irsinin öyrənilməsi istiqamətində ölkəmizdə görülən işlərdən, gənclər qarşısında qoyduğu vəzifələrdən danışdı.

YAP İdarə heyətinin üzvü, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru əvəzi Vazeh Əskərov çıxış edərək bildirib ki, bu gün bizi möhtəşəm Qarabağ Zəfərinə aparan ordu quruculuğundan tutmuş, Azərbaycanı ən sürətlə inkişaf edən ölkələr sırasına yüksəldən iqtisadi gücümüzə, ölkəmizi Avropanın ən etibarlı enerji tərəfdaşlarından birinə çevirmiş neft-qaz siyasətinə qədər dövlətimizin inkişaf etmiş bütün sahələrinin təməlində ümummilli lider Heydər Əliyevin xidmətlərinin, onun əməyinin, zəkasının, uzaqgörənliyinin izləri var. Bu gün Azərbaycan Heydər Əliyev siyasətinin ən mahir davamçısı olan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev cənablarının rəhbərliyi ilə yüksəliş yolunda inamla irəliləyir.

Sonra Yerli təşkilatın ictimai-siyasi həyatında fəallığı ilə seçilən bir qrup partiya fəalı təltif edilib və rayonun Partiya sıralarına yeni daxil olan bir qrup şəxsə partiya vəsiqələri təqdim olunub.

Tədbir sonda Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekunlaşıb.

Keçidlər