Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş rayonun idarə, müəssisə və təşkilatlarının komandaları arasında təşkil olunmuş futbol turnirinə start verildi.

04 aprel 2024 | 16:16

Nəsimi rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının birgə təşkilatçılığı ilə Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş  rayonun idarə və  müəssisələrinin komandaları arasında təşkil olunmuş futbol turnirinə start verildi.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin, YAP Nəsimi rayon təşkilatının, Nəsimi rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, Vətən müharibəsi əlilləri və komanda üzvləri iştirak edib.

Tədbiri giriş sözü ilə Nəsimi rayon İcra Hakimiyətinin Başçısı Asif Əsgərov açaraq turnir iştirakçılarına uğurlar arzuladı. Bildirdi ki, Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətindən birinə çevrildi. İdman sahəsində yüksəlişin əsası qoyuldu. Azərbaycanın bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və olimpiya hərəkatına qoşulması geniş vüsət aldı. Çox qısa zamanda həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq idmançılarımız tədricən möhtəşəm qələbələrə imza atdılar. İlk dəfə Atlanta Olimpiadasında 23 nəfər idmançı ilə qatılan Azərbaycanın 197 ölkə arasında 61-ci yeri tutması idmanımızın beynəlxalq olimpiya hərəkatında ilk nailiyyəti idi. Heydər Əliyevin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətləri əvəzsizdir. Ulu öndər idmançıların cəmiyyət həyatındakı rolunun artması, özlərinə layiqli yer tutmaları üçün əlindən gələni əsirgəməmişdir. Dövlətin idman siyasətinin həyata keçirilməsi üçün 1994-cü ildə Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Bu mənada 1994-cü ili respublikanın idman həyatında dönüş ili adlandırmaq olar. 1995-ci ildə Heydər Əliyev yeni bir fərman imzaladı. Həmin fərmana əsasən, Azərbaycan Respublikası əhalisi arasında sağlam həyat tərzinin təbliğ edilməsi və bədən tərbiyəsinin maddi-texniki bazasının inkişaf etdirilməsi, bu sahədə ümumxalq yardımının təşkil olunması məqsədilə gəncləri idmana marağını artırmaq və Azərbaycan idmanının beynəlxalq miqyasa çıxmasına real zəmin yaratmaq üçün fond yaradıldı. Heydər Əliyev Azərbaycanda idmanın kütləviliyinə nail olmaq, bədən tərbiyəsi və idmanı geniş coğrafı məkanda inkişaf və təbliğ etdirmək, yüksək nailiyyətlər qazanmaq və dünya şöhrətli idmançılar hazırlamaq üçün bu sahə ilə birbaşa məşğul olan qurumlar qarşısında konkret vəzifələr qoymuşdu. İdmanın inkişafı üçün həyata keçirilməli əsas tədbirlər sırasına mövcud idman bazalarının, stadionların, meydança və zalların qorunması, bərpası və təyinatı üzrə istifadəsinin təmin edilməsi, yeni idman bazalarının, meydançalarının, stadion və zalların tikilməsi, zəruri avadanlıqlarla təchizatı, idman klublarının açılması, mütəxəssislərin yetişdirilməsi, ölkə birinciliklərinin və digər yarışların keçirilməsi, idmançılarımızın beynəlxalq yarışlarda iştirakının təmin edilməsi, yüksək nəticələri olan idmançılara diqqət və qayğı göstərilməsi, uşaq və yeniyetmələrin daha geniş miqyasda idmana cəlb olunması daxil edilmişdir. Çox qısa zamanda həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq idmançılarımız tədricən möhtəşəm qələbələrə imza atdılar, üçrəngli bayrağımız beynəlxalq arenalarda dalğalanmağa başladı. Heydər Əliyev idmanın, bədən tərbiyəsinin inkişafını hər bir sivilizasiyalı xalqın ali ideallarının təcəssümü olmaqla yanaşı, həm də dövlətin beynəlxalq nüfuz və mövqelərinin təntənəsi kimi qiymətləndirirdi.

Prezident İlham Əliyevin ölkəmizin kompleks inkişafına xidmət edən siyasi xəttinin konturları həm də idman infrastrukturunun möhkəmlənməsi, genişlənməsi, yenilənməsi və idmanımzın inkişafına xidmət edən digər tədbirlərlə müşayiət olunur. Dövlət başçısı Azərbaycanın hər yerində idmanla məşğul olmaq üçün müasir tələblərə cavab verən idman infrastrukturunun formalaşdırılmasını mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Ötən illərdə Gəncədə, Naxçıvanda, Şəkidə, Qubada, Şamaxıda, Lənkəranda, Qazaxda, Bərdədə, Bakının Maştağa kəndində və digər bölgələrdə olimpiya idman kompleksləri tikilmişdir. Hətta cəbhə xəttinin bir neçə kilometrliyində, Ağdamın Quzanlı qəsəbəsində möhtəşəm idman qurğusu idmançılarımızın istifadəsinə verilmişdir. “Bakı-2015” bütün qitəni sülh, ədalətli mübarizə və dostluq ruhunda birləşdirən möhtəşəm idman bayramı olmuşdur. Azərbaycanın birinci xanımı, Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın hazırlıq prosesində bütün mərhələ və istiqamətlərdə şəxsən iştirakı və rəhbərliyi sayəsində I Avropa Oyunları ən yüksək səviyyədə təşkil edilmişdir. Avropa oyunlarının keçirilməsi Azərbaycan dövləti və xalqı üçün əvəzedilməz və gələcəkdə istifadə oluna biləcək təcrübə qazandırdı, böyük idman və mədəni irs qoydu. Bununla da Azərbaycan Avropanın yeni idman tarixini yazdı.

Qeyd olundu ki, keçirilən turnir 8 komandadan ibarət olmaqla 2 qrupa ayrılır. Turnirə aprel ayının 5-də ilk oyuna start veriləcək, may ayının ilk həftəsində final olacaq. Turnirin idarə olunmasında idman müəllimlərindən ibarət hakim komandası cəlb olunmuşdur. Oyunlar Azfar Grup Şirkətinə məxsus mini-futbol meydançalarında keçiriləcəkdir.

Daha sonra Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov və Nəsimi rayon Məhkəməsinin sədri İlqar Qaralov turnirin əhəmiyyətini vurğulayaraq bildirdi ki, uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. Ölkəmizin qısa müddətdə idman sahəsində əldə etdiyi nailiyyətlər Beynəlxalq Olimpiya Komitəsinin və Avropa Olimpiya Komitəsinin rəhbərliklərinin diqqətindən yayınmamışdır. Məhz beynəlxalq idman təşkilatlarının istəyi ilə ölkəmizdə onlarla olimpiya lisenziyalı beynəlxalq turnirlər, mötəbər yarışlar, dünya və Avropa çempionatları keçirilmişdir. Prezident İlham Əliyevin olimpiya oyunları və Bakıda keçirilən beynəlxalq turnirlər zamanı idmançılarımızın çıxışlarını birbaşa zaldan izləməsi isə idmançılarımıza göstərilən ən böyük mənəvi dəstəkdir. 

Sonra  komandalar arasında  püşkatma keçirildi.

Turnir may ayının birinci 10 günlüyündə başa çatacaqdır. Qalib komandalar Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılacaqdır.

Keçidlər