Nəsimi rayonunda Uşaq Hüquqları Aylığı çərçivəsində silsilə tədbirlər davam etdirilir
Uşaq Hüquqları Aylığı çərçivəsində Nəsimi rayonunda uşaqların hüquqlarının müdafiəsi, onların hüquqi biliklərinin artırılması və cəmiyyətdə uşaq hüquqlarına dair məlumatlılığın genişləndirilməsi məqsədilə silsilə maarifləndirici tədbirlər həyata keçirilir.
Aylıq çərçivəsində Nəsimi Rayon 1, 2, 3 və 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzlərində, eləcə də rayon ərazisində fəaliyyət göstərən 8, 9, 14, 19, 23, 54, 111, 159, 211 və 266 nömrəli tam orta ümumtəhsil məktəblərində müxtəlif formatlı görüşlər, maarifləndirici söhbətlər, sərgilər, interaktiv oyunlar, rəsm müsabiqələri və digər tədbirlər təşkil olunub.
Tədbirlər zamanı uşaqlara təhsil, sağlamlıq, istirahət və digər fundamental hüquqları barədə ətraflı məlumat verilib, mövzular ətrafında müzakirələr aparılıb. Uşaqların yaradıcılıq bacarıqlarının, fərdi istedadlarının üzə çıxarılması məqsədilə müxtəlif sərgilər, rəsm müsabiqələri, görüşlər, dəyirmi masalar, interaktiv fəaliyyətlər təşkil edilib və maarifləndirici bukletlər paylanılıb.
Bununla yanaşı, Nəsimi rayonunda yerləşən məktəbəqədər təhsil müəssisələrində də Uşaq Hüquqları Aylığı ilə əlaqədar maarifləndirici və əyləncəli tədbirlər keçirilib. Uşaqların yaş xüsusiyyətləri nəzərə alınaraq, onlara hüquqları barədə sadə və anlaşıqlı formada məlumatlar təqdim olunub.
Tədbirlər çərçivəsində Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülərə Verdiyeva çıxış edərək uşaqların hüquqlarının qorunmasının, onların sağlam, təhlükəsiz və hərtərəfli inkişafının təmin edilməsinin dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayıb.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uşaq hüquqlarının müdafiəsi sahəsində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir, qanunvericilik bazası müasir tələblərə uyğun təkmilləşdirilir.
Bu istiqamətdə mühüm hüquqi addımlardan biri “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 15 aprel tarixli 644 nömrəli Fərmanı ilə onun tətbiqinin təmin olunmasıdır. Yeni qanun uşaqların hüquq və azadlıqlarının qorunması, onların üstün mənafelərinin təmin edilməsi və uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Eyni zamanda, Azərbaycan Respublikasının BMT-nin Uşaq Hüquqları Konvensiyasından irəli gələn öhdəliklərinə uyğun olaraq, hər bir uşağın hüquqlarının qorunması, fikirlərinin dinlənilməsi, təhsil və inkişaf imkanlarından bərabər şəkildə yararlanması diqqət mərkəzində saxlanılır.
Qeyd olunub ki, Uşaq Hüquqları Aylığı uşaqların öz hüquqlarını daha dərindən mənimsəməsi, fikir və təşəbbüslərinin dəstəklənməsi, istedad və yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlərə nail olunmasında ailələrin, təhsil müəssisələrinin və aidiyyəti dövlət qurumlarının birgə fəaliyyətinin vacibliyi xüsusi vurğulanıb.
Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən Uşaq Hüquqları Aylığı çərçivəsində silsilə tədbirlərin keçirilməsi davam etdirilir. Həyata keçirilən tədbirlər uşaqların hüquqi biliklərinin artırılmasına, hüquq və azadlıqlarının təbliğinə, onların istedad və bacarıqlarının inkişaf etdirilməsinə xidmət edir.






