Nəsimi rayonunda “Uşaqlara qarşı zorakılığın qarşısının alınması” barədə maarifləndirici görüş keçirilib.
Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Nəsimi rayonu F.Nəcəfov adına 266 nömrəli tam orta məktəbdə “Uşaqlara qarşı zorakılığın qarşısının alınması” barədə keçirilən görüşdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayon Polis İdarəsinin əməkdaşları, məktəbin pedaqoji kollektivi, şagirdlər və valideynləri iştirak edib.
Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva bildirdi ki, zorakılığa məruz qalan uşaqlarda dərslərində geriləmə, fokuslana bilməmə, ünsiyyət problemləri yaşanır. Qruplararası münasibətlərdə bu uşaqlarda öz potensial bacarıqlarını ortaya qoya bilməmə probleminə səbəb olur. Bu da gələcəkdə psixi cəhətdən qüsurlu gənclərin yetişməsinə gətirib çıxarır. Bu kimi halların baş verməməsi üçün hər bir fərd şəxsiyyət kimi yetişməli, öz mənliyi, şəxsiyyətini dərk etməli, öz hüquqlarını bilməli, azad fikir, azad düşüncə aşılamalıdır. Bilavasitə şiddətə məruz qalan uşağın ailəsinə baxmaq, onlarla ayrı-ayrılıqda söhbət etmək mütləqdir. Səbəblər araşdırılmalı, zorakılığı yaradan faktorları ortaya çıxarmaq, bu istiqamətdə tədbirlər görmək lazımdır. Zorakılığa məruz qalan uşaqların say nisbətində azalma müşahidə etmək məqsədilə cəmiyyətdə çoxlu işlərin görülməsi, mütəmadi psixoprofilaktik, maarifləndirici tədbirlərin həyata keçirilməsi müsbət nəticələrə gətirib çıxaracaq. Həm məktəbdə, həm də digər uşaq inkişaf mərkəzlərində maarifləndirici seminarların təşkil olunması, uşaqlarla, valideynlərlə söhbətlərin aparılması, videoçarxlar vasitəsilə zorakılığın müxtəlif formalarının sərgilənməsi maariflənmə yolunda atılan addımlardandır.
Digər çıxış edənlər qeyd etdi ki, özünəməxsus dəyərləri olan və müasirliyi də özündə əks etdirən Azərbaycan ailə modeli haqqında məlumat verərək, ailə dəyərlərinin yaşadılması və gələcəyə ötürülməsinin əhəmiyyəti, nikahdan əvvəl tibbi müayinənin sağlam ailələrin qurulmasına təsiri, ailə adət-ənənələri, nikah münasibətləri, ailə mədəniyyəti, ailə psixoloqu anlayışları haqqında məlumat verillib. Erkən nikahların əsas fəsadları kimi, körpə və ana ölümü hallarının çoxalması, boşanma hallarının artması, qızların təhsil imkanlarının azaldılması, erkən nikahda olan qızların cəmiyyətdən təcrid olunması və onların daha çox fiziki və cinsi zorakılığa məruz qalması amilləri iştirakçıların diqqətinə çatdırılıb. Eyni zamanda şagirdlərə əmək bazarındakı vəziyyət haqqında, prespektivli peşələrin təsnifatı haqqında ətraflı məlumat verilmiş, təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarətin gücləndirilməsinin, rayonun ümumtəhsil məktəblərində təhsildən yayınan şagirdlərin dərsə davamiyyətinin təmin olunmasının, onların təhsil keyfiyyətinin səmərəliliyinin artırılmasının, bu istiqamətdə ümumtəhsil məktəblərinin əməli fəaliyyətinin gücləndirilməsinin vacibliyi vurğulanmışdır.
Tədbirdə məktəbin şagirdləri mövzu ətrafında çıxışlar etmişlər. Sonda şagirdləri maralandıran suallar cavablandırılıb.