Nəsimi rayonunda valideynlərlə birgə məişət zorakılığı barədə maarifləndirici görüş keçirilib.
Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Nəsimi rayonu S.Poladi adına 159 nömrəli tam orta məktəbdə Valideynlərlə birgə məişət zorakılığı barədə keçirilən görüşdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayon Polis İdarəsinin əməkdaşları, məktəbin pedaqoji kollektivi, şagirdlər və valideynləri iştirak edib.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Gülşən Novruzova açaraq qonaqları salamlamış və tədbirin əhəmiyyəti barədə məlumat verdi.
Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva bu problemlərin həll olunması üçün valideyn, müəllim və məktəb psixoloqları ilə birgə əməkdaşlıq etməyinin əhəmiyyətindən, erkən nikahların qarşısının alınmasının səbəblərinin araşdırılması, müdafiə mexanizminin gücləndirilməsi, zorakılıq qurbanlarının müdafiəsi, reablitasiyası və cəmiyyətin inteqrasiyası mövzularında çıxış etdi. Çıxışına davam edən natiq erkən nikah gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atmaqla yanaşı, həmçinin risklər də yaratdığını, belə halların boşanmalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olduğunu qeyd etdi.
Nəsimi rayon polis İdarəsinin YYÇ-ların profilaktiki işin təşkili bölməsinin əməkdaşı, polis mayoru Yeganə Zeynalova çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin müvafiq maddələri uşağın hüquqlarının və mənafeyinin qorunmasına yönəlib. Belə ki, Məcəllənin 49-cu maddəsində göstərilir ki, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, maraqlarının təmin olunması, hərtərəfli inkişaf hüququna malikdir. Məcəllənin 51-ci maddəsində isə qeyd olunur ki, valideynlik hüquqlarından sui-istifadə halları zamanı uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət edə bilər. Həmin məcəllənin 52-ci maddəsi isə uşağa ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək hüququ yaradır. Məcəllənin 58-ci maddəsi uşaqların tərbiyəsi və təhsilində valideynlərin hüquq və vəzifələrinə həsr olunub və valideynlərin uşaqlarını tərbiyə etməyə borclu olduqları, həmçinin onların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıdıqları ayrıca vurğulanır. Burada həmçinin dövlətin müdaxiləsi halları da istisna edilmir və bu, uşağın mənafeyi tələb etdiyi halda baş verir. Yəni, dövlət uşaq hüququnun pozulması və onun maraqlarının nəzərə alınmadığı hallarda müdaxilə edə bilər.
Tədbirdə məktəbin müəllimi- Vəfa Əfəndiyeva “Məişət zorakılığı nədir?”, məktəbin psixoloqu Yeganə Vahidova “Məişət zəmnində psixi zorakılıq”, məktəbin 9 cu sinif şagirdi Zərifə Hüseynova “Ailədaxili zorakılığın uşaqlara təsiri: Uşaq hüquqlarının müdafiəsi” , məktəbin valideyn komitəsinin sədri, hüquqşünas Ədalət Şirinov “Azərbaycan Respublikası qanunvericiliyində və praktikasında məişət zorakılığı” mövzularında çıxışlar etmişlər.
Xüsusi vurğulandı ki, bu cür tədbirlərin rayonun ali və orta təhsil ocaqlarında mütəmadi keçirilməsinin məqsədi uşaqların erkən evliliyə məcbur edilməsinin nəticəsi kimi onların təhsildən kənarlaşdırılmasının qarşısını almaq, uşaqların həyat və sağlamlığı üçün təhlükə yaradan halların aradan qaldırılmasıdır. Erkən nikahlar qızların təhsilalma həvəslərini və imkanlarını azaldır, eyni zamanda sağlamlığa da təhlükə yaradır.
Tədbirdə şagirdlərə əmək bazarındakı vəziyyət haqqında, prespektivli peşələrin təsnifatı haqqında ətraflı məlumat verilmişdir.
Sonda tədbir iştirakçılarının sualları altında diskussiya ilə davam etdirilmiş, gündəlikdə duran məsələlər geniş müzakirə edilərək aidiyyəti şəxslərə müvafiq tövsiyələr verilmişdir.