Nəsimi rayonunda Vətən müharibəsi Şəhidi Əliyevin Rauf Səxavət oğlunun doğum günü ilə əlaqədar “Unutmarıq və Unutdurmarıq” adlı tədbir keçirildi.
Nəsimi rayon İcra Hakimiyyəti və 19 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi Əliyev Rauf Səxavət oğlunun doğum günü ilə əlaqədar “Unutmarıq, Unutdurmarıq” adlı tədbir keçirildi.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, 19 nömrəli tam orta məktəbin kollektivi, şagirdləri və şəhid Rauf Əliyevin valideynləri iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni səslənmiş və vətənimizin azadlığı, suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra məktəbin ibtidai sinif şagirdlərinin təqdimatında vətənpərvərlik mövzusunda şeirlər ifa olundu, “Azərbaycanlı olmaq Rauf Əliyev olmaq deməkdir” hekayəsi səhnələşdirildi. Şagirdlərin dilindən şəhid anasına müraciət ünvanlandı.
Tədbirdə məktəbin direktoru Nailə Cəfərova çıxış edərək bildirdi ki, Vətən müharibəsi şəhidi Əliyev Rauf Səxavət oğlu məktəbdə oxuduğu illərdə məktəb kollektivinin hörmətini qazanmış, vətənpərvər bir şagird kimi daim digər məktəblilərə nümunə olmuşdur.
Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək bildirdi ki, Vətən müharibəsi şəhid ailələrinin, əlillərin və iştirakçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlətimiz tərəfindən ardıcıl olaraq sistemli və davamlı tədbirlər həyata keçirilir. Xüsusi vurğulandı ki, rayonumuzda yaşayan şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının hər birinin qayğısı bizim qayğımızdır.
Tədbirdə Şəhid Rauf Əliyevin anası Xavər Əliyeva çıxış edərək tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirdi.
Tədbirin sonunda məktəblilərin hazırladıqları kompazisiyalar tədbir iştirakçılarına təqdim olundu.