Nəsimi rayonunda Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş intellektual yarış keçirilib.
Nəsimi rayonu ərazisində yerləşən Zabitlər bağında Nəsimi Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi və Azərbaycan İntellektual Oyunlar Klubunun birgə təşkilatçılığı ilə gənclər arasında Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib. Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev, rayon icra hakimiyyətinin məsul əməkdaşları və gənclər iştirak edib.
Yarışın keçirilməsində əsas məqsəd Vətən Müharibəsi Şəhidlərinin əziz xatirəsinin yad edilməsi, gənclərin intellektual potensialının artırılması, onların bilik və bacarıqlarının üzə çıxarılmasıdır.
Əvvəlcə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini bildirmişdir ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu gün qürurla deyə bilərik ki, biz qalib ölkənin vətəndaşlarıyıq.
Daha sonra yarışa start verilib. 18 komandanın iştirak etdiyi yarışda iştirakçılara 24 sual verilmişdir. Sonda I, II, III yerlərə layiq görülmüş komandalar kubok, diplom və medallarla təltif olunublar.