Nəsimi rayonunda “Vətənə, xalqa həsr olunan ömür” adlı ədəbi-bədii kompozisiya keçirilib.
Xalqımızın böyük oğlu, dünyaşöhrətli ictimai – siyasi xadim Ümummilli Lider Heydər Əliyev 80 illik ömrü ilə tariximizə qızıl hərflərlə həkk olunmuş, dünya tarixində layiqli yer tutan nadir şəxsiyyətlər cərgəsində dayanmışdır.
Nəsimi rayonu Tahir Həsənov adına 23 № li tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin 102 illiyi ilə bağlı “Vətənə, xalqa həsr olunan ömür” adlı ədəbi-bədii kompozisiya keçirilib.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, məktəbin pedaqoji kollektivi, valideynlər və şagirdlər iştirak edib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütovlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nigar Hənifəyeva bildirdi ki, Ulu Öndərin Azərbaycan dövləti qarşısındakı tarixi xidmətlərini mahiyyətinə görə iki qrupa ayırmaq mümkündür: quruculuq və xilaskarlıq. Hər iki missiyanın öhdəsindən ləyaqət və şərəflə gələn Ulu Öndər Heydər Əliyev dönməz əqidəsi ilə müasir Azərbaycanın şanlı tarixini yaradıb. Heydər Əliyev tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının formalaşmasına və xalqımızın uzun illərdən bəri arzuladığı müstəqilliyə çatmasına, Azərbaycan dövlətinin qurulmasına nail olmuşdur. Azərbaycanın bugünkü- möhkəm təməl əsasında inşa olunan dövlət müstəqilliyini Heydər Əliyevə borcluyuq.
Digər çıxış edənlər bildirdilər ki, Ulu Öndərin gənc nəsillər üçün böyük örnək olduğunu, fəlakətin astanasında olan Azərbaycanın yeganə ümidi – xilaskarı olduğunu, Sovet kimi ağır bir rejimin mövcud olduğu dönəmdə Respublikanı parçalanmaq təhlükəsindən xilas edildiyi vurğulamışdır.
Tədbirdə məktəbin həm ibtidai, həm də yuxarı sinif şagirdlərinin birlikdə hazırlamış olduqları Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş dərin məzmunlu maraqlı məlumat və videoçarxlar, çıxışlar qonaqların zövqünü oxşadı. Videoçarxlar dünya şöhrətli siyasətçi Heydər Əliyevin uşaqlıq, gənclik illərindən, siyasət və hakimiyyət arenasına gəlişindən, müstəqil Azərbaycanın quruculuğu sahəsində olan misilsiz fəaliyyətindən bəhs edir.
Tədbirin sonunda xatirə şəkli çəkilib.