Nəsimi rayonunda Xüsusi əhali qruplarının sağlam qidalanmasının təmin edilməsi istiqamətində maarifləndirmə tədbiri keçirilib.
Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 54 nömrəli tam orta məktəbdə Xüsusi əhali qruplarının (uşaqlar, hamilə qadınlar və s.) sağlam qidalanmasının təmin edilməsi istiqamətində maarifləndirmə tədbiri keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun təhsil, səhiyyə müəssisələrinin əməkdaşları və gənclər iştirak edib.
Tədbiri giriş sözü ilə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva açaraq bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 aprel tarixli 1143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Qida Təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın 10.12.5-ci bəndinin (“Xüsusi həssas əhali qruplarının (uşaqlar, hamilə qadınlar və s.) sağlam qidalanmasının təmin edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi”) icrası məqsədi ilə rayonda bir sıra tədbirlər keçirilib.
Xüsusi qeyd olunub ki, əhali ilə maarifləndirmə və təbliğat-təşviqat işləri çərçivəsində qida təhlükəsizliyi ilə bağlı məlumatlandırıcı çap materialları paylanıb. Əhaliyə konservləşdirilmiş qidalar, o cümlədən qida məhsullarının etiketlərində yer almalı olan məlumatlar, etiket üzərində simvol və işarələrin izahı, bakteriya mənşəli qida zəhərlənmələrinin təsviri, qida vasitəsilə yayılan xəstəliklərin insana keçməsinin qarşısını almaq üçün tövsiyələr verilib.
Tədbirdə iştirak edənlər uşaqlara erkən yaşlarından sağlam qidalanma vərdişlərinin aşılanmasının vacibliyini diqqətə çatdırmış, uşaqların sağlam bədənləri, zehni inkişafı və məktəb uğuru üçün düzgün qidalanmasının zəruri olduğu bildirilib.
Maarifləndirmə tədbiri həmçinin Nəsimi rayonunda qida təhlükəsizliyinin təmin edilməsi prosesində vətəndaşların fəal iştirakını nəzərdə tutan ictimai nəzarət mexanizmlərinin daha da gücləndirilməsi məqsədi daşıyıb.