Nəsimi rayonunda “Xüsusi həssas əhali qruplarının (uşaqlar, hamilə qadınlar və s.) sağlam qidalanmasının təmin edilməsi ilə bağlı görüş keçirilib.
2023-2024-cü illərdə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 1143 nömrəli 29 aprel 2019-cu il tarixli Sərəncamının “Xüsusi həssas əhali qruplarının (uşaqlar, hamilə qadınlar və s.) sağlam qidalanmasının təmin edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi (xüsusi pilot layihələrin icra edilməsi və s.)”nə dair 10.12.5-ci yarımbəndinin icrası ilə bağlı 1 nömrəli Uşaq Poliklinikasında görüş keçirilib.
Keçirilən görüşdə 3 nömrəli Qadın məsləhətxanasının,1 nömrəli Uşaq poliklinikasının həkimləri və hamilə qadınlar iştirak edib.
Tədbirdə çıxış edən 3 nömrəli Qadın məsləhətxanasının baş həkimi bildirdi ki, hamiləlik zamanı düzgün və balanslı qidalanma həm ananın, həm də körpənin sağlam inkişafı üçün vacibdir. Hər trimestrdə bədənin ehtiyacları dəyişir, buna görə də qidalanmaya xüsusi diqqət yetirilməlidir. Trimestr (1-3 ay) bu dövrdə körpənin orqanları formalaşmağa başlayır. Hamiləlik əlamətləri, xüsusilə ürəkbulanma və iştahsızlıq, qidalanmaya təsir edə bilər. Folatla zəngin qidalar (yaşıl yarpaqlı tərəvəzlər, paxlalılar, sitrus meyvələri) – sinir borusunun düzgün inkişafına kömək edir. Zülal mənbələri (yumurta, balıq, yağsız ət, süd məhsulları) – toxuma qurulması üçün vacibdir. Dəmir və C vitamini (qırmızı ət, quru meyvələr, brokoli, portağal) – qan dövranını dəstəkləyir. Maye qəbulu – su və bitki çayları qəbul etmək vacibdir. II Trimestr (4-6 ay) bu mərhələdə körpənin sümük və əzələ inkişafı sürətlənir, ana isə daha çox enerji tələb edir. Kalsium və D vitamini (süd, pendir, qatıq, yumurta, günəş şüası) – körpənin sümüklərinin möhkəmlənməsi üçün lazımdır. Omega-3 yağ turşuları (qoz, kətan toxumu, somon balığı) – beyin və görmə qabiliyyətinin inkişafına kömək edir. Liflə zəngin qidalar (tərəvəz, tam taxıllı məhsullar) – qəbizliyin qarşısını alır. Dəmir və maqnezium (qırmızı ət, ispanaq, qoz-fındıq) – yorğunluğu azaltmağa və qan dövranını yaxşılaşdırmağa kömək edir. III Trimestr (7-9 ay) bu dövrdə körpənin çəkisi sürətlə artır, ananın bədəni doğuşa hazırlaşır. Zülal və enerji mənbələri (toyuq, balıq, paxlalılar) – doğuşa hazırlıq üçün vacibdir. Kalium və maqnezium (banan, şaftalı, badam) – əzələ spazmlarını azaldır. Su və lifli qidalar – həzm sistemini dəstəkləyir və ödemin qarşısını alır. Duzun azaldılması – yüksək təzyiqin qarşısını almaq üçün duzlu qidalardan uzaq durmaq tövsiyə olunur. Hamiləlik dövründə balanslı qidalanma ana və körpə üçün sağlam gələcəyin təməlini qoyur. Qidalanma planı hazırlayarkən həkimlə məsləhətləşmək vacibdir.
1 nömrəli Uşaq poliklinikasının sahə həkimi bir yaşa qədər uşaqlara əlavə qidaların verilmə qaydasından danışaraq, qeyd etdi ki, Uşaq həyatının ilk ilində hər şey çox sürətlə dəyişir. Sanki ana döşlə əmizdirmənin bütün incəlikləri ilə yenicə tanış olmuşdu. İstər ana südü, istərsə də adaptasiya olunmuş süni süd qarışıqları 6 ayadək körpənin mikro və makronutriyentlərə olan tələbatını ödədiyi üçün əlavə qidalara ehtiyac olmur. Lakin uşaq böyüdükcə və hərəkət qabiliyyəti artdıqca enerji və qida ehtiyacları artır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ekspertləri həm ana südü ilə, həm süni süd qarışıqları ilə qidalanan uşaqların rasionuna əlavə qidaları 6 aydan başlayaraq daxil etməyi tövsiyə edirlər. Əlavə qidalanmaya çox tez başladıqda körpə orqanizmi hələ yeni qidanı həzm etməyə hazır olmur, uşaqlarda allergiyalara, mədə-bağırsaq pozuntularına, infeksion xəstəliklərə daha tez-tez təsadüf edilir. Əlavə qidalanma təyin edilərkən uşağın yaşı ilə yanaşı vəziyyəti və fərdi xüsusiyyətləri də nəzərə alınmalıdır. Körpənin əlavə qidalanmaya hazır olmasının bəzi əlamətləri var: Körpə sağlamdır, gümrahdır, qidaya maraq göstərir, böyüklərin yediyi yeməyin arxasınca baxır, verdikdə həvəslə yeyir, hər şeyi ağzına aparır, körpənin dili ilə qidanı itələmə refleksi zəifləyir, böyüklərin qucağında rahat oturur. Əlavə qidaların verilməsi müəyyən səbəblərdən bir qədər gecikərsə, qorxulu deyil. Lakin bunu uzun müddət təxirə salmaq lazım deyil. Əlavə qidalanmaya gec başlamağın mənfi cəhətləri: körpənin fiziki və psixomotor inkişafdan geri qalması, mikroelementlərin, xüsusən dəmir və sinkin çatışmazlığı, körpənin çeynəmə aparatının formalaşmasında problemlər. Edilməli olan peyvəndə 3 gün qalmış və peyvənd edildikdən 3 gün sonra, dişlər çıxan zaman ilk 1 həftə ərzində, tənəffüs yollarının virus infeksiyaları və digər kəskin xəstəliklər zamanı körpələrin qida rasionuna yeni qida məhsulunun əlavə edilməsi məsləhət görülmür.
Sonda görüş iştirakçılarının sualları cavablandırılmışdır.