Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində məktəblilər arasında aparılan müsabiqənin qalibləri elan edildi.
Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə S.Hacıyev adına 5 nömrəli tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Dünyamızı qoruyaq” adlı müsabiqənin yekun tədbiri qeyd edildi.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Nəsimi Rayon Komitəsinin sədri Reyhan Ocaqova, məktəbin pedaqoji kollektivi, valideynlər və müsabiqədə iştirak edən şagirdlər iştirak edib.
Əvvəlcə tədbir iştirakçıları məktəbin şagirdləri tərəfindən müxtəlif tullantı əşlalarından hazırlanmış sərgiyə baxış keçirib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə məktəbin direktoru Nərminə Gündüzlü açaraq qonaqları salamlamış və tədbirin əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat verib.
Tədbirin məqsədi ətraf mühiti sağlamlaşdırmaq, ekoloji tarazlığın bərpasına kömək etmək, atmosfero oksigenlə zənginləşdirmək və bu proseslərə şagirdləri daha da fəal cəlb edilməsini təşviq etməkdən ibarət idi. Qaliblər hazırladıqları planetimizi bürüyən ekoloji problemlərdən bəhs edən müxtəlif adlı videoçarxlar qonaqların böyük marağına səbəb oldu. Həmçinin tədbirdə məktəbin istedadlı şagirdləri öz musiqi və rəqs nömrələri ilə göz oxşadı. Qalib şagirdlərə hədiyyələr təqdim olundu.
Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək bildirdi ki, “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar Nəsimi rayonunun idarə, müəssisə və təşkilatlarında silsilə tədbirlər keçirilir. Bu yönümlü tədbirlər ilin sonunadək davam edəcəkdir. Regionun ən güclü dövləti, beynəlxalq siyasi arenanın bərabərhüquqlu tərəfdaşı kimi müstəqil Azərbaycanın nüfuzu durmadan artır, ölkəmiz qlobal beynəlxalq tədbirlərin və taleyüklü məsələlərin müzakirəsinə ev sahibliyi edir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhvəsinin təqdir olunmasının bariz nümunəsidir. Bütün postsovet məkanında ilk dəfə olaraq bu mötəbər qlobal tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin dünyada getdikcə güclənən mövqeyinin, artan nüfuzunun əyani göstəricisidir. Bu eyni zamanda Beynəlxalq birliyin Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasətə dünya səviyyəsində olan böyük hörməti, möhkəm dəstəyi nümayiş etdirir.
Qalib şagirdlərin hər biri təbrik edilərək, onların həm müəllimlərinə, həm də valideynlərinə təşəkkür bildirildi. Şagirdlərin hazırladığı maraqlı layihələr yüksək qiymətləndirildi.
Sonda qalib şagirdlər mükafatlandırılıb və xatirə şəkillər çəkdirilib.