Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Oxu günü” tədbiri keçirilib.
Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılğı ilə 16 nömrəli Texniki Humanitar Liseydə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Oxu günü” tədbiri keçirilib.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşları, Azərbaycan Dövlət Dillər Universitetinin müəllimi, professor Məmməd Əliyev, məktəbin pedaqoji kollektivi, valideynlər və şagirdlər iştirak edib.
Tədbiri giriş sözü ilə liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi İlhamə Cabbarova açaraq 1864 –cü ildən Şuşada fəaliyyət göstərən “Məclisi-Üns” barədə məlumat verdi.
Sonra liseyin direktoru Ülviyyə İsmayılova çıxış edərək qonaqları salamlamış və tədbirin əhəmiyyətindən danışdı.
Nəsimi rayonu İcra Hakimiyyətinin birinci müavini Gülarə Verdiyeva çıxış edərək bildirdi ki, “Oxu günü” çərçivəsində tədbirlərin keçirilməsinin əsas məqsədi şagirdlərin bir şəxsiyyət kimi formalaşması, mənəvi aləminin zənginləşməsi, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliə mədəniyyətinin və kitabın mühüm rolunun təbliğindən ibarətdir. “Oxu günü”ndə həmçinin məktəblilərin iştirakı ilə ayrı-ayrı əsərlərin müzakirələri aparılacaq, pantomim tamaşa, kitabların şəxsiyyətin inkişafında əhəmiyyətini vurğulayan səhnəciklər və digər təqdimatlar göstəriləcək. Təqdimatlarda gənc nəslin dünyagörüşünün formalaşmasında, onların bədii təxəyyülünün inkişafında, mütaliə mədəniyyətinin artırılmasında və hərtərəfli inkişaf etmiş bir vətəndaş kimi yetişməsində müstəsna əhəmiyyəti olan kitabın rolu nümayiş ediləcək.
Tədbir iştirakçıları liseyin şagirdləri tərəfindən yaradılmış Natəvanın, Nizaminin, Ağabəyim ağanın, Məhəmməd Fizulinin, Məhsəti Gəncəvinin, Molla Pənah Vaqifin, Zakirin, Aleksandr Dyumanın, M.F.Azundovun obrazlarını böyük maraqla izlədilər.
9a sinif şagirdi Səfərova Fidan və 8l şagirdi Əliyeva Ayşan “Leyli və Məcnun” əsərindən “anasının Leyliyə nəsihəti” səhnəsini canladırdı, 9a sinif şagirdləri Musayev Tələt, Seyidli Mirşahin, Əzizli Selcan, Musalı Dəniz, Qurbanova Qənimət, Əlizadə Cəlal və Babayeva Murad Axundzadənin “Dərviş Parisi partlatdı” əsərindən bir hissəni tamaşaçıların diqqətinə çatdırdı.
Tədbirin musiqi hissəsində liseyin 9c sinif şagirdi Kaşiyev Aminin ifasında səslənən “Qarabağ” və “Yaşa Azərbaycan” mahnıları, 9b sinif şagirdi Abdullayeva Sonanın rəqsi və 8b sinif şagirdi Babayeva Mədinənin kanonda ifası coşqu ilə qarşılandı.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkildi.