Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam edir.
Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə A.Novruzbəyli adına 46 nömrəli tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Nəsimi rayon Komitəsinin sədri Reyhan Ocaqova , məktəbin pedaqoji kollektivi, valideynlər və şagirdlər iştirak edib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə məktəbin direktoru Sevinc Budaqova açaraq qonaqları salamlamış və tədbirin əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat verib.
Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci mqavini Gülarə Verdiyeva çıxış edərək bildirdi ki, regionun ən güclü dövləti, beynəlxalq siyasi arenanın bərabərhüquqlu tərəfdaşı kimi müstəqil Azərbaycanın nüfuzu durmadan artır, ölkəmiz qlobal beynəlxalq tədbirlərin və taleyüklü məsələlərin müzakirəsinə ev sahibliyi edir. Bütün postsovet məkanında ilk dəfə olaraq bu mötəbər qlobal tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin dünyada getdikcə güclənən mövqeyinin, artan nüfuzunun əyani göstəricisidir. Bu eyni zamanda Beynəlxalq birliyin Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasətə dünya səviyyəsində olan böyük hörməti, möhkəm dəstəyi nümayiş etdirir.
Natiq qeyd etdi ki, noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) insanların sağlam mühitdə yaşaması və təbii sərvətlərdən rasional istifadə edilməsi, xalqın rifahının yaxşılaşdırılması üçün davamlı tədbirlər görülməsi haqqında məsələlərin müzakirəsi ön planda olacaq. Bu gün biomüxtəlifliyin qorunması və ekosistemin müəyyənləşdirilməsi və davamlılığının artırılması üçün həyata keçirilən ekoloji siyasət gələcək nəsillərin təbii ehtiyatlardan səmərəli istifadə etməsinə hesablanır. COP29 dünyada baş verən təbii fəlakətlərin, eləcə də süni faciələrin yaranmaması üçün iqlim dəyişikliklərinə qapı açan nəsnələrin aradan qaldırılması yollarını da müzakirə edəcək. Bu baxımdan deyə bilərik ki, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası ekoloji problemlərin operativ surətdə yoluna qoyulmasına, ətraf mühitin mühafizəsi istiqamətində ardıcıl və səmərəli tədbirlərin görülməsinə əlverişli şərait yaradıb. Azərbaycanda elan olunan "Yaşıl dünya naminə həmrəylik ili"ndə qabarıq formada hallandırılması ekologiyaya və təbii sərvətlərə qarşı daha həssas yanaşmağın vacibliyini tələb edir. Bildirildi ki, təbiəti qorumaq hər birimizin üzərinə düşür.
Məktəblilər təbiətin qorunması ilə bağlı fikirlərini söylədilər. Rəngarəng səhnəciklər könülləri oxşadı.
Sonda xatirə şəkli çəkildi.