Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam edir.
Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2 nömrəli Uşaq- Gənclər İnkişaf Mərkəzində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Yaşıl dünyanı qoruyaq" adlı yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, modelyer-dizayner Gülnarə Xəlilova və Azərbaycan Televiziya, Radio verilişləri Qapalı Səhimdar Cəmiyyətinin baş prodüsseri Nazilə Babayeva və valideynlər iştirak edib.
Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən 2024-cü ilin Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və bununla bağlı Nizami Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş, rayonda görüləcək işlərə dair Tədbirlər Planı barədə məlumat verib. Bildirilib ki, Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir.
Tədbirdə çıxış edənlər müsabiqənin əsas məqsədi uşaq və gənclərin ekoloji biliklərini artırmaq, onlar arasında ekoloji mədəniyyətin təbliği, ətraf mühitə daha diqqətli və qayğıkeş münasibətin, təbiətin və insan sağlamlığının qorunması üzrə fəal vətəndaş mövqeyinin formalaşdırılması barədə məlumat verdilər.
Məktəbdənkənar müəssisələrin dərnək üzvləri arasında təşkil olunan müsabiqəyə 3 yaş qrupunda (6-10, 11-13, 14-17) "EKO-əl işləri", "EKO-dəb" və "EKO-bloger" nominasiyaları üzrə 100-ə yaxın əl işi və videoçarxlar göndərilmişdir. Peşəkar münsiflər heyəti tərəfindən dərnək üzvləri arasından hər yaş qrupu və nominasiyalar üzrə I, II, III yerlər müəyyən olunmuşdur.
Mükafatlandırma mərasimində müsabiqədə yer tutan iştirakçılar diplom və hədiyyələrlə təltif olunmuşdur. Eyni zamanda “Təbəssüm” rəqs qrupu bir-birindən maraqlı rəqslərlə çıxış etdi.