Nəsimi rayonunda yaşıllaşdırma tədbirləri keçirilib.
“Bir ağacı əkib - böyütmək, bir övladı böyütməyə bərabərdir.” Bəli, bu müdrik kəlam da Ulu Öndər Heydər Əliyevə məxsusdur. Müasir, müstəqil, demokratik Azərbaycan dövlətinin qurucusu və memarı Ümummilli Lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ətraf mühitin mühafizəsinə, ekologiyanın qorunmasına, yeni - yeni yaşıllıqların və parkların salınmasına xüsusi diqqət yetirilmiş, bu sahədə çox önəmli addımlar atılmışdır. Bu gün də bütün sahələrdə olduğu kimi, bu sahədə də Ulu Öndərin ənənələri, dəsti - xətti Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Eyni zamanda ölkəmizin Birinci-vitse prezidenti Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması, Vətənimizin yaşıllıqlar diyarına çevrilməsi naminə gördüyü işlər ekoloji mədəniyyətin formalaşması prosesinə töhfə olmaqla xalqımız tərəfindən yüksək dəyərləndirilir. 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində respublikamızın hər yerində olduğu kimi Nəsimi rayonunda da silsilə tədbirlər davam etdirilir.
Qeyd edək ki, aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir. Eyni zamanda ekoloji mühitin sağlamlaşdırılması və paytaxtımızın daha da gözəlləşməsinə yönəlmiş işlər çərçivəsində parklarda, abad həyətlərdə, xiyabanlarda mövsümi yaşıllaşdırma işləri aparılıb.
Görülmüş işlər çərçivəsində parklarda, abad həyətlərdə, xiyabanlarda, məhəllə və yol kənarlarındakı yaşıllıqların bərpası işləri aparılmışdır. Eyni zamanda müxtəlif növ yeni ağaclar, kollar, mövsümi güllər əkilmişdir. Qazon örtükləri ilə yeni yaşıllıq zolaqları da yaradılmışdır.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun ayrı-ayrı ünvanlarında təmizlik, abadlıq, quruculuq və yenidənqurma işləri davam edir.