Nəsimi rayonunda “Yeni ildə həmrəyliyin rəngli işıqları” adlı yaradıcılıq sərgisi keçirilib.
Nəsimi Rayon İcra Hakimiyyəti və “2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə uşaq və gənclərin yaradıcılıq potensialını üzə çıxarmaq məqsədilə “Yeni ildə həmrəyliyin rəngli işıqları” adlı tədbir və sərgi keçirilmişdir.
Bu layihə uşaqların asudə vaxtının səmərəli təşkili, onların ictimai fəallığının artırılması və şəxsiyyət kimi formalaşması istiqamətində atılan növbəti addımdır. Tədbirin əsas hədəfləri arasında uşaq istirahət yerlərinin, idman və mədəniyyət ocaqlarının fəaliyyətinin təkmilləşdirilməsi, həmçinin yerli qərar qəbuletmədə uşaq iştirakçılığının təmin edilməsi xüsusi yer tutur. Eyni zamanda, həssas əhali qrupundan olan yetkinlik yaşına çatmayanlar üçün inklüziv incəsənət layihələrinin dəstəklənməsi və sosial xidmət müəssisələrində yaşayan uşaqların mədəni tədbirlərə inteqrasiyası layihənin prioritet istiqamətlərini təşkil etmişdir.
Tədbirdə rəsmi qonaq qismində iştirak edənlər öz çıxışlarında uşaqların festival, müsabiqə və sərgilərdə iştirakının onların gələcək inkişafındakı rolunu vurğulamış, gənc nəslin yaradıcılıq yolunda inamla irəliləməsi üçün dövlət tərəfindən göstərilən diqqətdən söz açmışlar.
Sərgidə mərkəzin istedadlı dərnək üzvlərinin bir-birindən maraqlı, rəngarəng rəsm əsərləri nümayiş olunmuşdur. Bu əsərlərin ərsəyə gəlməsində dərnək rəhbərləri Bilal Qənbərli və Xatun Əliyevanın böyük zəhməti qeyd edilmişdir. Tədbir boyu “Təbəssüm” rəqs qrupunun ifasında “Şələqoy”, “Müasir”, “Qrinç” və “Yeni il” rəqs nömrələri nümayiş olunaraq iştirakçılarda xoş ovqat yaratmışdır.
Tədbirin sonunda il ərzində müxtəlif müsabiqələrdə uğur qazanmış və fəallıq nümayiş etdirmiş dərnək üzvləri qonaqlar və mərkəzin direktoru Əminə Musayeva tərəfindən fəxri diplomlarla təltif olunmuşlar.
Bu kimi inklüziv və yaradıcı layihələr gənc nəslin öz potensialını kəşf etməsinə, onların cəmiyyətə daha sıx inteqrasiya olunmasına və mədəniyyətimizin zənginləşməsinə xidmət edir.






