Nəsimi rayonunda yeni tədris ilinə başlanıldı.
Hər bir dövlətin tərəqqisi və gələcəyi onun təhsil səviyyəsi ilə birbaşa bağlıdır. Bu sahəyə qoyulan investisiya gələcəyə yatırılan sərmayə deməkdir. Dövlətimiz bu baxımdan hazırda dünyada lider ölkələrdən biridir.
Təhsil müəssisələrinin işinin, tədris proqramlarının müasir çağırışlara uyğunlaşdırılması, müasir əmək bazarına uyğun kadr potensialının formalaşdırılması dövlətimizin prioritetləri sırasındadır. Müasir məktəblərin tikilərək istifadəyə verilməsi, təhsil müəssisələrində bərpa və yenidənqurma işlərinin ardıcıl xarakter alması bu prosesin tərkib hissəsidir. Bu strategiyaya Heydər Əliyev Fondu da 2005-ci ildən icra olunan “Yeniləşən Azərbaycana - yeni məktəb” proqramı ilə davamlı şəkildə dəstək verir.
Nəsimi rayonunda təhsilin səviyyəsi və maddi-texniki vəziyyəti daim diqqət mərkəzində saxlanılır.
Rayon ərazisində 8 Ali təhsil müəssisəsi, 26 ümumtəhsil müəssisəsi, 33 məktəbəqədər təbiyə müəssisəsi fəaliyyət göstərir. 2022-2023-cü tədris ilində rayonun ümumtəhsil müəssisələrində 33458 nəfər şagird təhsil alacaqdır.( onlardan 2968 nəfəri I sinifdə təhsil alanlardır.) Onların təlim-tərbiyəsi ilə 2256 nəfər müəllim məşğul olacaq.
Nəsimi rayon ümumtəhsil məktəbləri üzrə 2021-2022-ci tədris ilinin yekunlarına görə 1970 nəfər şagird XI-ci sinfi bitirmiş, onlardan 1494 nəfəri Ali məktəblərə qəbul olmuş, 6 nəfər qızıl medal almışdır. 2020-2021-ci tədris ilində isə XI-ci sinfi bitirmiş 1468 şagirdin 1078 nəfəri Ali məktəbə qəbul omuş, 2 nəfər isə qızıl medal almışdır. 2021-2022-ci tədris ilində 51 nəfər 600-dən yuxarı, 16 nəfəri isə 650-dən yuxarı bal toplamışlar.
Yeni tədris ili ərəfəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Nəsimi rayonunda yeni korpusu tikilən 35 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olub.
1931-ci ildən fəaliyyət göstərən 35 nömrəli tam orta məktəb tamamilə yenidən qurulub, təhsil ocağının 1931-1935-ci illərdə inşa edilmiş köhnə korpusu sökülərək yenidən inşa olunub. Məktəbin 888 şagird yerlik yeni binasında 24 sinif, informatika, əmək, hərbi hazırlıq, xarici dil, musiqi, rəsm, tibb otaqları, fizika, kimya və biologiya laboratoriyaları, kitabxana, yeməkxana və akt zalı yaradılıb. Dördmərtəbəli binanın ümumi sahəsi 5454 kvadratmetrdir.
Prezident İlham Əliyev məktəbin yeni binasının çağırışa qədər hərbi hazırlıq otağında, ekosinifdə, biologiya kabinetində, informatika və rəsm otaqlarında, yeməkxanada, əmək otağında və fizika kabinetində yaradılan şəraitlə tanış oldu.
Respublikanın bütün ümumtəhsil müəssisələrində olduğu kimi Nəsimi rayonunda fəaliyyət göstərən ümumtəhsil müəssisələrində də ilk dərslər “Qarabağ Azərbaycandır!” mövzusunda tədris olunub.