Nəsimi rayonunda “Yetkinlik yaşına çatmayanların hüquqlarının qorunması istiqamətində ayrı-ayrı dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsindəki vacib rolu” adlı maarifləndirici tədbir keçirilib.
Nəsimi rayonu E.Tağızadə adına 164 nömrəli tam orta məktəbdə “Yetkinlik yaşına çatmayanların hüquqlarının qorunması istiqamətində ayrı-ayrı dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsindəki vacib rolu” adlı tədbir keçirilib.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, məktəbin pedaqoji kollektivi və valideynlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə E.Tağızadə adına 164 nömrəli tam orta məktəbin direktoru Kəmalə Qədirova açaraq, tədbirin əhəmiyyəti barədə məlumat verdi.
Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək bildirdi ki, valideyn məsuliyyəti valideyn üzərinə düşən hüquq və məsuliyyət kimi başa düşülür. Uşağın böyüdülməsi, cəmiyyətdə layiqli fərd kimi yetişdirilməsində hər iki valideynin rolu önəmlidir. Bu məsələdə hər hansı iş bögüsünün aparılması yolverilməzdir və hər iki valideyn bu məsuliyyəti bərabər bölüşməlidir. Beynəlxalq təcrübədə valideyn məsuliyyəti kimi ən mühüm vəzifələr sırasına uşağın yaşayış və xoşbəxt həyatının təmin edilməsi, onun saxlanılması və müdafiə edilməsi nəzərdə tutulur. Bundan başqa, bu məsuliyyətlər sırasına uşağın tərbiyə, təhsil, sağlamlıq və müalicəsi daxildir. Valideynlərin uşaqla ünsiyyət və düzgün davranış hallarının qurulması, onların bu isitqamətdə məlumatlandırılması və maarifləndirilməsi, hər kəsin qanunla üzərinə düşən məsuliyyətini anlaması istiqamətində fəaliyyətlərin artırılması önəmlidir. Hər bir valideyn yaşadığı dövlətdə onun üzərinə qanunla düşən məsuliyyəti və vəzifələri anlamalı və buna uyğun addımlar atmalıdır. Yaşadığımız dövr və cəmiyyətdə valideyn məsuliyyətindən, həmçinin ailədə valideyn-uşaq münasibətlərinin düzgün qurulmamasından yaranan və bu diqqətsizlik və məsuliyyətsizlik səbəbindən uşaq hüquqlarının pozulmasına gətirib çıxaran bir sıra hallara rast gəlinir. Təbii ki, cəmiyyətdə bu istiqamətdə baş verən hadisələr narahatlıqla qarşılanır və təəssüf doğurur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin müvafiq maddələri uşağın hüquqlarının və mənafeyinin qorunmasına yönəlib. Belə ki, Məcəllənin 49-cu maddəsində göstərilir ki, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, maraqlarının təmin olunması, hərtərəfli inkişaf hüququna malikdir. Məcəllənin 51-ci maddəsində isə qeyd olunur ki, valideynlik hüquqlarından sui-istifadə halları zamanı uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət edə bilər. Həmin məcəllənin 52-ci maddəsi isə uşağa ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək hüququ yaradır. Məcəllənin 58-ci maddəsi uşaqların tərbiyəsi və təhsilində valideynlərin hüquq və vəzifələrinə həsr olunub və valideynlərin uşaqlarını tərbiyə etməyə borclu olduqları, həmçinin onların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıdıqları ayrıca vurğulanır. Burada həmçinin dövlətin müdaxiləsi halları da istisna edilmir və bu, uşağın mənafeyi tələb etdiyi halda baş verir. Yəni, dövlət uşaq hüququnun pozulması və onun maraqlarının nəzərə alınmadığı hallarda müdaxilə edə bilər. Məcəllə həmçinin göstərir ki, valideynlərin və uşaqların maraqları arasında ziddiyyət yaranarsa bu zaman müvafiq icra hakimiyyəti orqanı uşaqların hüquq və mənafeyini müdafiə üçün nümayəndə təyin etməlidir. Hər bir valideyn məsuliyyətini anlamalı və üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir. Ailə Məcəlləsində qeyd edilir ki, valideynlik hüquqları heç bir halda uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Yəni, valideynlər uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verməməlidir. Çünki onlar öz uşaqlarının tərbiyəsi, sağlamlığı, psixi, fiziki və mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Bu məsuliyyət tədbirlərindən biri də valideynlərin valideynlik hüquqlarından məhrum edilməsidir. Qanunvericilikdə yetkinlik yaşına çatmayanların mənafeyini üstün tutmaqla onların təhsil alması üçün valideynlər qarşısında bir çox hüquq və vəzifələr qoyulmuşdur. Hər bir uşaq yetkinlik yaşına çatanadək təhsil almalı, məktəbli adını daşımalıdır. Uşaqların keyfiyyətli təhsil alması, vətəninə layiqli vətəndaş kimi yetişməsi, şagirdlərin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə yüksək ixtisaslı, peşəkar kadrların hazırlanması, ali təhsildə rəqabət mühitinin formalaşdırılması prioritet hədəflər kimi qəbul edilmişdir. Ölkə qanunvericiliyində uşaqların təhsilə cəlb olunması, ümumi orta təhsil alması üçün bir çox normativ aktlar qəbul edilmişdir. Bu prosesdə valideynlərin məsuliyyətinin artırılması, valideynlərin uşaqların təhsilə istiqamətlənməsində rolu böyükdür. Hər bir valideyn uşağın təhsil almasına maraq göstərməli, uşağın inkişafı üçün münbit şərait yaratmalıdır. Valideyn məsuliyyətsizliyinin digər bir təzahürü isə təhsildən yayındırmaqla azyaşlı uşaqların erkən yaşlarda qeyri-rəsmi nikaha məcbur edilməsidir. Cinayət məcəlləsinin 176-1-ci maddəsinə görə qadını nikaha daxil olmağa məcbur etməyə görə və eyni əməllərin nikah yaşına çatmayan şəxs barəsində törədilməsinə görə valideynlərə və ya onların qanuni nümayəndələrinə azadlıqdan məhrum etmə cəzası tətbiq edilə bilər. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təhsilverənlər uşaq və gəncləri fiziki və psixi zorakılığın bütün formalarından qorumalı, onları zərərli vərdişlərdən çəkindirməli, ixtisas və elmi-pedaqoji səviyyəsini yüksəltməli, elmi araşdırmalar aparmalı, əlavə məşğələlər, sinifdənkənar və məktəbdənkənar tədbirlər keçirməlidir. Belə ki, təhsil müəssisəsinin rəhbəri hər bir uşağın təhsil almasına maraq göstərməli, təhsildən yayınmasının qarşısını almalıdır.
Sonra Uşaq İnkişafı üzrə mütəxəssis, həkim Ülviyyə Mirzəyeva hazıradığı “Valideynlik məsuliyyətimiz” adlı təqdimatı tədbir iştirakçılarına təqdim etdi.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.