Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda “Zəfər festivalı-2” adlı idman yarışlarının təltif olunma mərasimi keçirilib.

29 may 2024 | 10:15

Azərbaycan Tibb Universitetinin Tədris İdman Kompleksində Nəsimi Rayon İcra Hakimiyyəti, Azərbaycan Tibb Universiteti, Nəsimi rayon Gənclər və İdman İdarəsi və ATU-nun “Təbib” İdman Klubunun birgə təşkilatçlılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında “Zəfər festivalı – 2” adlı idman yarışlarının təltif olunma mərasimi keçirilib.

Tədbirdə Milli Məclisin vitse-spikeri, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyev, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, professor-müəllim heyəti və tələbələri, “Təbib” idman klubunun sədri Qələndər Aslanov, "Gənclik” Tələbə İdman Cəmiyyətinin və Nəsimi rayon Gənclər və İdman İdarəsinin təmsilçiləri, müxtəlif idman qurumlarının nümayəndələri iştirak ediblər.

Əvvəlcə qonaqlar Kompleksin foyesində şəhidlərin guşəsinin önünə gül dəstələri qoyaraq onların əziz xatirəsini yad ediblər. Daha sonra kompleksin həyətində​ musiqi sədaları altında müxtəlif idman növləri üzrə nümunəvi çıxışlara baxış olub. Nümunəvi çıxışlardan sonra Dövlət himninin səsləndirilməsi ilə tədbir açıq elan edilib.

Tədbirdə çıxış edənlər  bildiriblər ki, ali təhsil müəssisələrinin tələbələri və əməkdaşları arasında keçirilən bu festivalda ölkəmizin əksər universitetləri təmsil olunub. Tarixi zəfərimizin adını daşıyan idman festivalında iştirak etməyin artıq bir qalibiyyət olduğunu söyləyən rektor, ölkə rəhbərliyi tərəfindən Azərbaycan gəncliyinə hər zaman xüsusi diqqət ayrıldığını vurğulayıb. Eyni zamanda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı qələbənin hər kəsdə böyük qürur hissi yaratdığını deyib. Zəfər Festivalında zəhməti olan bütün məşqçiləri, idmançıları təbrik edən rektor, universitetimizdə belə festvalların ənənəvi olaraq daha geniş, daha mütəşəkkil şəkildə keçiriləcəyinə əminliyini bildirib.    

Xüsusi vurğulanıb ki, bu tədbirlərin hər biri Azərbaycan idmanının inkişafına, bütün dünyada tanınmasına xidmət göstərir. Azərbaycanın artıq idman ölkəsi kimi tanındığını söyləyən vitse-spiker bu sahənin sürətli inkişafının Ulu Öndərin adı ilə bağlı olduğunu, bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyasının məntiqi nəticəsi olaraq ölkəmizin bir çox sahələrdə, o cümlədən idmançılarımızın yerli və beynəlxalq turnirlərdə qazandıqları nailiyyətlərə görə regionun lider dövlətinə çevrildiyi xatırlanıb.

Qeyd olunmuşdur ki, mayın 4-dən 25-dək keçirilən idman yarışlarında ali təhsil müəssisələrinin komandaları iştirak ediblər. İdmançılar stolüstü tennis, badminton, şahmat, futzal, qol güləşi, voleybol (oğlanlar), voleybol (qızlar) və digər idman növləri üzrə öz güclərini sınayıblar. “Zəfər Festivalı – 1”-də olduğu kimi “Zəfər Festivalı – 2”-də də Azərbaycan Tibb Universitetinin komandaları öz liderliyini qoruya bilib. Festivalın təntənəli bağlanış mərasimində qaliblər kubok, diplom və medallarla təltif olunublar.

Keçidlər