Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda “Zəfər günü” münasibəti ilə silsilə tədbirlər davam edir.

07 noyabr 2024 | 13:04

Nəsimi Rayon İcra Hakimiyyətinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin və “2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə  “Azərbaycanın Zəfər tarixi” adlı tədbir keçirilib.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin, “2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” Publik Hüquqi Şəxsin məsul əməkdaşları, şəhid ailələri, müharibə əlilləri, rayonun ümumtəhsil müəssisələrinin müəllimləri və şagirdlər iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları məktəblilərin hazırladıqları əl işlərinə baxış keçirib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Mərkəzin “Təsviri incəsənət” dərnək üzvlərinin xalqımızın düşmən üzərində qələbəsini, tarixi anları əks etdirən maraqlı rəsm əsərləri və əl işləri nümayiş olundu. Həmçinin, “Aktyor sənəti” dərnək üzvləri qəhrəmanlıq, vətənpərvərlik mövzularını əhatə edən bir sıra şeirlər, mahnılar səsləndirdilər.  Bununla yanaşı "Təbəssüm" rəqs qrupu maraqlı  rəqs nömrələri ilə çıxış etdi.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək bildirdi ki, Vətən müharibəsi şəhid ailələrinin, əlillərin və iştirakçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlətimiz tərəfindən ardıcıl olaraq sistemli və davamlı tədbirlər həyata keçirilir. Xüsusi vurğulandı ki, rayonumuzda yaşayan şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının hər birinin qayğısı bizim qayğımızdır.          

Bakı şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətlərin təşkili şöbəsinin sektor müdiri Günay Qurbanova bildirdi ki, tədbirin keçirilməsində məqsəd uşaqlara vətənpərvərlik, vətənə, xalqa, dövlətə sevgi və sədaqət hisslərini aşılamaq, gənc nəslə tarixi qələbələrin və müstəqilliyin əhəmiyyətini çatdırmaq, milli mədəni irsi qorumaq, bütün Şəhidlərimizin ruhuna ehtiram göstərmək və xatirəsini uca tutmaqdır.

Tədbirdə Şəhid Akşin Novruzovun anası Elnarə Novruzova çıxış edərək tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirərək, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda xatirə şəkili çəkilib.

Keçidlər