Nəsimi rayonunda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatı və “Caspel” MMC-nin birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.
Daha sonra 8 Noyabr - Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə giriş nitqi ilə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov bildirib ki, Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə xalqımızın milli iradəsinin, Azərbaycan dövlətinin qüdrətinin və Ali Baş Komandan İlham Əliyevin dəmir məntiqinin təntənəsidir. O, şəhidlərin ruhu qarşısında ehtiramını ifadə edərək vurğulayıb ki, Zəfər Gününün hər il böyük qürur və dövlətçilik əzmi ilə qeyd edilməsi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır.
Daha sonra çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu qeyd edib ki, 8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının ümummilli sevincinin təntənəsidir. Bu, mühüm bir mənəviyyat bayramıdır, həm siyasi, həm hərbi, həm də ümummilli bayramdır. Ona görə də bu günün qeyd edilməsi hər zaman böyük iftixar və sevinclə yadda qalacaq.
YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, Azərbaycan qadınları bu Qələbədə həm səngərdə, həm də arxa cəbhədə fədakarlıqları ilə iştirak etmişlər. Şəhid analarının mənəvi iradəsi bütöv bir cəmiyyəti ruhlandırmışdır. O, Azərbaycan qadınının dövlətçilik prosesindəki rolunun daha da güclənməsi baxımından bu kimi tədbirlərin əhəmiyyətini xüsusi vurğulamışdır.
Nəsimi Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, RİH başçısının müavini Zahid Xəlilov çıxışında qeyd edib ki, Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 2020-ci ilin 27 sentyabrında başlayıb 44 gün davam edən zəfər dolu Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının birliyi, Şanlı Azərbaycan ordusunun rəşadəti, əbədiyyətə qovuşmuş şəhidlərimizin və qəhrəman qazilərimizin şücayəti sayəsində 30 ildən artıq işğal altında olan torpaqlarımız düşmən əsarətindən azad edildi.
Natiq çıxışına davam edərək bildirib ki, ərazi bütövlüyü və suverenliyi tam təmin olunan müstəqil Azərbaycanımız Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik, uzaqgörən və qətiyyətli siyasəti nəticəsində inkişaf tarixinin yeni dövrünə qədəm qoyub. Bu gün işğaldan azad edilmiş torpaqlarımızda yeni yaşayış məntəqələri salınır, yeni-yeni layihələr həyata keçirilir. Ümummilli lider Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanımızın üçrəngli müqəddəs bayrağı müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti ilə bu gün Qarabağda, Şərqi Zəngəzurda, bütün Azərbaycanda qürurla dalğalanmaqdadır.
Bildirilib ki, Zəfər Günü dövlət və xalq birliyinin ən ali nümunəsidir.
“Caspel” MMC-nin İdarə Heyətinin sədri, ərazi partiya təşkilatının sədri Ceyhun Quliyev vətəndaş cəmiyyətinin dövlətçilik prosesindəki sosial məsuliyyət roluna toxunub, işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinə ictimai dəstəyin vacibliyini qeyd edib.
Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev isə çıxışında bildirib ki, şəhid ailələrinin sosial müdafiəsi və onlara göstərilən qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. O, şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıb.
Tədbir çərçivəsində 4 oktyabr 2025-ci il tarixində keçirilmiş inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.






