Nəsimi RİH başçısı səyyar qəbul keçirdi
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq 2022-ci il avqust ayının 03-də 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. RİH başçısı Asif Əsgərov M.A.Əliyev küçəsi 210 ünvanda yerləşən “Winter Park Otel” binasının zalında sakinlərin müraciətlərini dinləmişdir.
Sakinlərdən Yusifova Valya, Hüseynova Rəqibə, İsgəndərova Maya, Məmmədov Emin, Mirzəyev Cavid, İbrahimova Sevinc, Məmmədova Pərvanə, Əliyev Sərvər və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən qəzalı binalarla bağlı tədbirlər görülməsi, həyətin asfalt örtüyünün təmiri, məktəbli forması və maddi yardım göstərilməsi, dam örtüyünün təmiri, mənzilə su axması ilə bağlı qonşular arasında narazılıq, yolun təmiri, qəzalı ağacın götürülməsi ilə bağlı tədbir görülməsi barədə müraciətlər etdilər.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər bir guşəsində olduğu kimi Nəsimi rayonunda da geniş abadlıq-quruculuq işlərinin aparıldığını qeyd edən başçı rayon sakinlərinin rifahının daha da yaxşılaşması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirdi və sakinlərin müraciətləri ilə bağlı görüləcək işlər barədə müvafiq izahatlar verdi.
Rzayev Şahmar, Məmmədova Pərvanə yaşadıqları binaların qəzalı olduğundan yenidənqurulmasının, yeni layihələrə salınmasının vacibliyini qeyd etdilər. Müraciətləri ilə bağlı onlara rayon ərazisində 26 layihə üzrə məhəllələrdə köçürmə, söküntü-tikinti işlərinin aparıldığı, rayonun digər ərazilərində də yenidənqurma işlərinin aparılması üçün aidiyyəti təşkilatlara müraciətlər edildiyi və bu məsələlərə müasir şəhərsalma prinsipləri əsasında baxıldığı barədə geniş məlumat verildi.
Qəbul zamanı sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi. Qəbulda Yeni Azərbaycan Partiyasının Rayon Təşkilatının sədri və İctimai Şuranın üzvləri iştirak etmişlər.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmışdır.