Nəsimi RİH başçısı səyyar qəbul keçirdi
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 3 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə sakinlərin müraciətlərini dinləmişdir.
Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş səyyar qəbulda Salatın Əsgərova, Süleyman Rəhimov, 28 May, Rəşid Behbudov, Mirzə İbrahimov, Dağıstan küçələri əhatəsində yaşayan sakinlər iştirak etmişlər.
Sakinlərdən İsrafilova Rəisə, Hüseynova Nazilə, Rzayev Namiz, Vəliyev İlqar, Həsənov Əflan, Musayeva Zülfiyyə, Babayev Cavad və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən kanalizasiya xəttinin təmiri, asfalt örtüyünün təmiri, qurumuş ağacın götürülməsi, eyvanın təmiri, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin və köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi, parkda oturacaqların və eskalatorun təmiri, binanın təmiri barədə müraciətlər etmiş, təkliflər irəli sürmüşlər.
Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən ölkəmizin daha da qüdrətlənməsi, ərazilərimizin bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarımızda irimiqyaslı bərpa-quruculuq, əhalinin rifahının daha da yüksəlməsi istiqamətində həyata keçirilən çoxşaxəli işlər qeyd edilərək rayon ərazisində görülən işlər, 2024-cü il - “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar həyata keçirilən tədbirlər barədə ətraflı məlumatlar verilmişdir.
Sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.