Nəsimi RİH başçısı səyyar qəbul keçirdi
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 2 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə sakinlərin müraciətlərini dinləmişdir. Süleyman Rüstəm, Ruhulla Axundov, Ak.M.Mirqasımov, Mirəliqaşqay, Kaveroçkin küçələri əhatəsində yaşayan sakinlər rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş səyyar qəbulda iştirak etmişlər.
Sakinlərdən Quliyeva İncibəyim, Quliyev Murad, Seyidova Rəna, Qocayeva Sayalı, Əhmədova Təranə, Məmmədov Zakir, İsmayılova Elza, Rzayev Tahir, Osmanov Rüstəm və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən köhnə evlərdən ibarət yaşadıqları məhəllənin söküntü planına salınması, qazılmış sahədə asfalt örtüyünün təmiri, ağacın götürülməsi, məhəllənin abadlaşdırılması, iş ilə təmin, məişət tullantıları üçün konteynerlərin qoyulması barədə müraciətlər etmiş, təkliflər irəli sürmüşlər.
Qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar qeyd olunmuşdur. Ölkə başçısı tərəfindən ölkəmizin daha da qüdrətlənməsi, ərazilərimizin bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarımızda irimiqyaslı bərpa-quruculuq istiqamətində həyata keçirilən işlər xüsusi vurğulanmış, “Heydər Əliyev İli” ilə əlaqədar çoxşaxəli Tədbirlər Planının həyata keçirilməsi barədə qəbul zamanı məlumatlar verilmişdir.
Sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.