Nəsimi RİH başçısı səyyar qəbul keçirdi
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 2 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə sakinlərin müraciətlərini dinləmişdir. Ak. M.Topçubaşob, Mirəli Qaşqay, Sahib Zeynalov, Süleyman Rüstəm, Mərdanov qardaşları, Azadlıq prospekti, Kaveroçkin küçələri əhatəsində yaşayan sakinlər rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş səyyar qəbulda iştirak etmişlər.
Sakinlərdən Namazov Məhəbbət, Hüseynov Yaşar, Rzayev Tahir, Hacıyeva Xumar, Hadıyeva Rəcanə, Qocayeva Sayalı, Novruzov Rabil, Səidova Rəna və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən binanın girişinin təmiri, zibil meydançasının genişləndirilməsi, ağacın götürülməsi, asfalt örtüyünün təmiri və oturacaqların qoyulması, qarajın sənədləşdirilməsi, məktəbin qarşısında məktəbin işçi heyəti üçün güzəştli parkinq yaradılması, məktəbin dam örtüyünün təmiri, kanalizasiya xəttinin təmiri,
qəzalı qaz xəttinin təmiri barədə müraciətlər etmiş, təkliflər irəli sürmüşlər.
Qəbulun gedişində ölkə rəhbərliyinin vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar qeyd olunmuş, ölkəmizin daha da qüdrətlənməsi, ərazilərimizin bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarımızda aparılan irimiqyaslı bərpa-quruculuq işləri xüsusi vurğulanmışdır. Qəbulda şəhidlərimizin xatırəsi sükutla yad edildi.
Sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.