Nəsimidə oktyabr ayında səyyar qəbulların keçirilməsi davam etdirilmişdir.
Möhtrəm Prezidentimiz cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələri rəhbər tutaraq yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həllinə yönəlmiş tədbirlərin görülməsi Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən davam etdirilmişdir.
Cari ilin oktyabr ayı ərzində 1, 2, 3 nömrəli Sahə inzibati ərazi dairələri üzrə ünvanları əhatə edən rayon ərazisində RİH başçısı Asif Əsgərov tərəfindən səyyar qəbullar və yerlərdə görüşlər keçirilmişdir. Keçirilən 4 səyyar qəbul və görüşlərdə 700-ə qədər sakinin iştirakı ilə 40-dən çox müraciət dinlənilmişdir.
Vətəndaşların müraciətləri əsasən, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin, köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi, həyətlərin abadlaşdırılması, dam örtüklərinin, zirzəmilərin, kanalizasiya xətlərinin təmiri, küçə və həyətlərin işıqlandırılması, mənzil şəraitinin yaxşılaşdırılması, iş ilə təmin, ağacların budanması, götürülməsi və s. məsələlərlə bağlı olmuşdur.
Qəbullarda edilmiş müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyəti idarə və xidmət sahələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş, müraciətlərin müsbət həlli istiqamətində operativ tədbirlər görülmüşdür.
Qəbul və görüşlərdə sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin abadlıq quruculuq sahəsində təqdim olunan layihələrə təklif və rəylərin verilməsi imkanının olduğu barədə mütəmadi olaraq məlumat verilmişdir.
Qəbullar və görüşlər zamanı Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə və onunla birlikdə çalışan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən ölkəmizin tərəqqisi və qüdrətlənməsi, ərazi bütövlüyümüzün təmin olunması, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işlər qeyd edilmiş, vətəndaşlara göstərilən hərtərəfli diqqət və qayğıya görə, Nəsimi rayonunda aparılan quruculuq, abadlıq işlərinə görə, vətəndaşların yerlərdə qəbulunun təşkilinə görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.