Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti "Abad həyət" sakinlərin istifadəsinə verildi

17 dekabr 2022 | 07:25

Nəsimi rayonunda küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
AZƏRTAC xəbər verir ki, həyata keçirilən silsilə tədbirlər çərçivəsində 600-dən artıq sakinin yaşadığı 8 girişli, 5 mərtəbəli olmaqla, Asif Məhərrəmov küçəsi 60 saylı binada və ətraf ərazidə abadlıq, quruculuq işləri başa çatdırılaraq həyət sakinlərin istifadəsinə verilib.
Hazırlanmış layihəyə uyğun olaraq Asif Məhərrəmov küçəsi 60 saylı binanın fasadı və dam örtüyü əsaslı təmir edilib, yeni yağış suları axıdan borular və navalçalar quraşdırılıb, 8 giriş qapısı və 32 pilləkən qəfəslərinin pəncərələri dəyişdirilib. Binanın giriş pilləkənləri aqlay daşla üzlənib. Binanın həyətinə giriş və çıxış üçün 3 yerdə pilləkən quraşdırılıb. Həyətdə tikililərin fasadları təmir edilərək rənglənib.
Görülmüş işlər çərçivəsində binanın həyətində zəbt olunmuş sahələr əhalinin ümumi istifadəsinə qaytarılıb, kiçik tullantılar üçün zibil konteynerləri qoyulub. Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün binanın həyətinə söhbətgah və oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb. 
Abadlıq işləri aparılan ərazidəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, məhəllədə yeni yaşıllıq zolağı salınıb, ağaclar əkilib, mövcud yaşıllıqlara və ağaclara aqrotexniki qaydada qulluq olunub. Həyətdə 4 nöqtədə işıqlandırma sistemləri quraşdırılıb.
Rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri əhalinin böyük razılığı ilə qarşılanıb, görülən işlərə görə rayon sakinləri dövlət başçısına dərin minnətdarlıqlarını bildiriblər.
Hazırda rayonun daha bir neçə ünvanında abadlıq-quruculuq və yenidənqurma işləri aparılır.

Keçidlər