Novruz bayramı ilə bağlı Nəsimi rayonunda parklar, xiyabanlar və abad həyətlər bəzədilib.
Təbiətin oyanması Novruzla başlayır və Azərbaycan xalqı hətta yazın gəlişinə bir ay qalmış bu bayramı çox təntənəli şəkildə qeyd edir. Hər həftənin çərşənbə axşamı adət-ənənələrə uyğun olaraq - Su, Od, Yel və Torpaq çərşənbəsi (ilaxır və ya bayram çərşənbəsi) qeyd edilir.
Novruz şən və sevimli, xalqımızın bütün dəyərlərini özündə birləşdirən bayramdır.
Bir sıra xalqlar qədimdən yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər. Qədim zamanlardan başlayaraq Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistanda və bir çox Şərq ölkələrində baharın – yeni ilin gəlişini şənliklərlə qarşılayırlar. 2009-cu il sentyabrın 30-da Novruz UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 2010-cu il fevralın 23-də isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i Beynəlxalq Novruz Günü elan edilib.
Bununla əlaqədar Nəsimi rayonunun müxtəlif yerlərində Novruz bayramının gəlişi ilə əlaqədar böyüklərin və uşaqların sevimli bayram günlərində ən çox gəzməyə çıxdıqları yerlərdə, parklarda, xiyabanlarda və abad həyətlərdə dekorasiya işləri aparılıb. İnsanlarda bayram əhvali-ruhiyyəsi yaradılması üçün səməni, şəkərbura, paxlava, qoğal, yumurta, çərəz və digər bayram atributları yerləşdirilib. Rəngarəng işıqlandırmalar hazırlanıb. Parklarda al-əlvan güllərdən ibarət kompozisiyalar yaradılıb. İctimai iaşə və xidmət obyektlərinin vitrinləri, köşklər bayram atributları ilə bəzədilib.
Novruz irimiqyaslı bayram kimi yazın gəlişi ilə əlaqədar qeyd olunur və sevincli hadisələrə - qışın bitməsi və yazın başlamasına həsr edilir.