Qaraheybətdə Helikopter qəzasında şəhid olmuş Əliyev Emil Elman oğlunun doğum günündə əziz xatirəsi yad edildi.
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağımızın azadlığıyla nəticələndi.
Azərbaycan, sadəcə, torpaqlarımızın işğaldan azad olunması ilə kifayətlənmədi, eyni zamanda xalqımız öz varlığını, milli məsələlərdəki həmrəyliyini, parlaq gələcəyini bütün dünyaya nümayiş etdirdi.
Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur. Şəhid ailələrinə, qazilərə Nəsimi rayonunda da daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir.
30 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramışdır. Helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olmuş, 2 nəfər isə yaralanmışdır. Bu, Azərbaycanın hüquq-mühafizə orqanlarının tarixindəki ən böyük aviasiya qəzasıdır.
Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşlarının, YAP Nəsimi rayon təşkilatının, SHXÇDX-i idarəsinin nümayəndələrinin, Şəhid ailələri, Vətən müharibəsi qaziləri və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəza zamanı həlak olmuş Şəhid Əliyev Emil Elman oğlunun doğum günündə əziz xatirəsini dərin hörmət və ehtiramla yad etmiş, məzarı üzərinə gül-çiçək dəstələri düzmüşdürlər.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.