Rayon ərazisində məhəllədaxili yolların asfaltlaşması işləri davam edir.
Paytaxtımızda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi, asfaltlaşması istiqamətində işlər uğurla davam etdirilir.
Nəsimi rayonu 1-ci mikrorayon ərazisində yaşayan bir qrup sakin Nəsimi rayon İcra Hakimiyyətinə müraciət edərək yaşadıqları binanın qarşısında yararsız vəziyyətə düşmüş məhəllədaxili yola asfalt örtüyünün vurulmasını xahiş etmişlər.
Sakinlərin müraciətləri nəzərə alınaraq qeyd olunan ünvanda torpaq işləri aparılmış, yol kənarlarına bardürlər düzülmüş, asfalt vurulmuşdur. Eyni zamanda piyadaların hərəkət hissəsi olan yollarda da asfaltlaşma işləri aparılmışdır.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun ayrı-ayrı ünvanlarında da, başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.